Macarıstanda Şuşa günü keçirilib

Macarıstanda Şuşa günü keçirilib
# 19 mart 2015 12:24 (UTC +04:00)

Bakı – APA. Şuşa şəhər icra hakimiyyəti və Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə martın 18-də Macarıstanın Döndöş şəhərində “Şuşa günü” keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, həmin gün şəhər meriyasında Şuşa icra hakimiyyətinin başçısı Bayram Səfərov və Döndöş şəhər meri Tamaş Keveşin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub.

Görüş zamanı iqtisadiyyat, mədəniyyət və turizm sahəsindəki əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb, Döndöşdən olan iş adamlarının Azərbaycandakı biznes və investisiya mühiti haqqında sualları cavablandırılıb.

Şəhərlə tanışlıqdan sonra axşam XV əsrdən bəri musiqi məktəbi kimi fəaliyyət göstərən tarixi binada Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” ansamblı zəngin konsert proqramı ilə çıxış edib. Konsertdən əvvəl səfir Vilayət Quliyev Şuşa ilə Döndöşü yaxınlaşdıran amillər, Dağlıq Qarabağ münaqişəsi və yüksələn xətlə inkişaf edən, strateji tərəfdaşlıq statusu qazanan Azərbaycan-Macarıstan əməkdaşlığı barəsində danışıb.

Sonda iştirakçılar üçün Novruz süfrəsi açılıb.

Xatırladaq ki, 2 il bundan əvvəl Azərbaycanın erməni işğalı altındakı Şuşa şəhəri ilə Macarıstanın Döndöş şəhəri arasında dostluq və qardaşlıq sazişi imzalanıb. Ötən müddət ərzində qardaşlaşmış şəhərlərin biri-biri ilə daha da yaxınlaşması, Dağlıq Qarabağdakı erməni işğalı haqqındakı həqiqətlərin macar ictimaiyyəti arasında geniş yayılması istiqamətində bir sıra işlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR