Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə baxışı təyin olunub

Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə baxışı təyin olunub
# 22 iyul 2016 13:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə hazırlıq prosesi başa çatıb.


APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ötən prosesdə qaldırılan vəsatətlərə münasibət bildirib və təmin olunmamasını istəyib. O deyib ki, təqdim olunan vəsatətlərin əksəriyyəti həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və ya cinayət işinə xitam verilməsi ilə bağlıdır.

Məhkəmə vəsatətlərə baxmaq üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı avqustun 3-nə təyin edilib.


Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.


AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR