Emil Hüseynli: “Azərbaycan gəncliyi qarşısında yeni vəzifələr qoyulub”

Emil Hüseynli: “Azərbaycan gəncliyi qarşısında yeni vəzifələr qoyulub”
# 17 may 2015 19:06 (UTC +04:00)

Bakı-APA. “Bu gün Azərbaycan gəncliyi qarşısında yeni vəzifələr qoyulub. Hesab edirəm ki, gənclik ona edilən çağırışı təhlil edib, müasir dövrün tələblərinə cavab verməlidir”.

APA-nın məlumatına görə, bunu “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Emil Hüseynli Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV hesabat-seçki konfransında çıxışını şərh edərkən deyib.

E.Hüseynli bildirib ki, bu gün dünyada baş verən qlobal proseslər Azərbaycan gəncliyinin daha savadlı, dünyaya inteqrasiya etməli olduğunu göstərir: “Bu gün gənclərdə vətənpərvərlik, dövlətçilik hissləri ilə yanaşı dünyəvilik aşılanmasa, sabah Azərbaycan təhlükələrlə üzləşə bilər. Çünki hər bir dövlətin gələcəyi, inkişafı onun gənclərindən asılıdır”.

QHT sədrinin sözlərinə görə, gənclər dövlətin ona göstərdiyi qayğıdan maksimum istifadə edib, intellektini artırmalı, gələcəyə hesablanan prioritetlərini müəyyənləşdirməlidirlər: “Gənclər Azərbaycana qarşı yarana biləcək təhlükəni qabaqcadan dəf etmək üçün səylərini artırmalı, gənclər təşkilatları koordinasiyalı şəkildə işlərini qurmalıdırlar”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV hesabat-seçki konfransında çıxışı zamanı bildirib ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər: “Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR