Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub

Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub
# 15 iyul 2015 15:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəticələri Komissiyanın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 597 namizəddən 521 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116 nəfərini oğlanlar, 405 nəfərini qızlar təşkil edir. 294 namizəd cari ilin, 227 namizəd isə əvvəlki illərin məzunudur.

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olduğu “Rezidentura” jurnalının 4-cü sayının abituriyent.az saytında elektron satışı təşkil olunub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 22-dən 28-dək olan müddətdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.

Rezidentura səviyyəsinə keçirilmiş müsabiqə zamanı ixtisaslaşmalar üzrə formalaşmış keçid balları ilə TQDK-nın saytında tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR