İsmayıllıda yaxın gələcəkdə müasir çörək zavodu istifadəyə veriləcək

İsmayıllıda yaxın gələcəkdə müasir çörək zavodu istifadəyə veriləcək
# 12 aprel 2013 12:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə İsmayıllı rayonunun Diyallı kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 150 sahibkarın iştirak etdiyi tədbir çərçivəsində SKMF tərəfindən İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan müasir soyuducu anbar, heyvandarlıq kompleksi və quşçuluq təsərrüfatının, bağçılıq, o cümlədən üzümçülük və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbir zamanı İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov əlverişli biznes və investisiya mühitinin yaradılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq İsmayıllı rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev İsmayıllı rayonunda Fond tərəfindən maliyyələşdirilmiş layihələr barədə məlumat verib və bildirib ki, 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 729 investisiya layihəsinin maliyyələşdirilməsinə 84,8 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2 680-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 58 sahibkara 606 min manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər əsasən heyvandarlıq, üzümçülük, arıçılıq, xalçaçılığın inkişafına yönəldiləcək. Güzəştli kreditlər hesabına İsmayıllı rayonunun İvanovka kəndində inşa olunan illik istehsal gücü 5,6 min ton olan müasir çörək zavodu yaxın vaxtda istifadəyə veriləcək. Bu investisiya layihəsinin maliyyələşdirilməsinə SKMF tərəfindən 1,5 mln. manata yaxın güzəştli kredit verilib. Ümumiyyətlə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 850-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 25,1 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR