İsveç Avropa Komissiyasına göndərdiyi məktubda beynəlxalq idman yarışlarında iştirak edən Rusiya vətəndaşları üçün viza qaydalarına yenidən baxmağa çağırıb.
APA xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.
Məktubda məqsədin Rusiya və Belarus idmançılarına Aİ çərçivəsində vizaların daha vahid və sərt qaydada tətbiqini təmin etmək olduğu bildirilib.
İsveç hesab edir ki, Ukraynada münaqişə başa çatana qədər bu iki ölkənin idmançılarının beynəlxalq turnirlərdə iştirakı mümkün olmamalıdır.
Rəsmi açıqlamada qeyd olunub ki, İsveç Avropa Komissiyasını üzv dövlətlərə müraciət edən şəxsin vətəndaşlığına əsasən viza verməkdən imtina etmək imkanı yaradacaq ümumi qanunvericiliyə təcili yenidən baxmağa çağırır.
Yeni qanun qəbul edilənədək mövcud qaydalar çərçivəsində viza müraciətlərinin daha sərt qiymətləndirilməsi üçün Aİ üzrə vahid təlimatların hazırlanması təklif olunur.