Hikmət Hacıyev: "Nalbandyan diplomatik etikaya zidd olaraq öz müqəddəratını təyinetmə hüququnu ərazi bütövlüyündən əvvəl göstərir"

Hikmət Hacıyev: "Nalbandyan diplomatik etikaya zidd olaraq öz müqəddəratını təyinetmə hüququnu ərazi bütövlüyündən əvvəl göstərir"
# 01 aprel 2015 15:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Çox nadir hal olsa da, “soyqırımlar erasının bitmədiyini” iddia edən Ermənistan xarici işlər naziri ilə razılaşmaq olar”.

APA-nın məlumatına görə, bu sözləri 31 mart tarixində “La Francophonie ” təşkilatının Parlament Assambleyasının İrəvanda keçirilən iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın sözlərini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, erməni daşnak və bolşevik qüvvələri tərəfindən 1918-ci ilin martında Bakı, Şamaxı, Quba və digər şəhərlərdə azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırım əməllərinə baxmayaraq, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım və qanlı etnik təmizləmə siyasəti daha dəhşətli formada XX əsrin sonunda Ermənistan ərazisində öz tarixi torpaqlarında və işğal edilmiş Azərbaycan ərazilərində davam etdirilib: “31 mart - Azərbaycanlıların Soyqırımı Günü beynəlxalq auditoriya qarşısında “soyqırım” mövzusunu yenə də siyasi möhtəkirlik obyektinə çevirən Ermənistan xarici işlər nazirinin azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin qanlı mart hadisələrinə və işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri və soyqırımı əməllərinə qiymət verilməsi və ölkəsinin məsuliyyətinin etiraf etməsi daha ciddi davranış olardı. Bu kimi soyqırım əməllərinin törədilməsinə görə bilavasitə məsuliyyət daşıyan dövlət olan Ermənistanın BMT-nin İnsan Hüquqları Şurasında soyqırımın qarşısının alınması adlı qətnamənin təşəbbüskarı roluna iddia etməsi beynəlxalq ictimaiyyətə və beynəlxalq təsisatlara qarşı hörmətsizliyin nümunəsidir”.

Nazirliyin sözçüsü qeyd edib ki, münaqişənin həllindən danışan Ermənistan xarici işlər naziri ölkəsinin Böyük Sülh Sazişi üzrə işə başlamaqdan imtina etməsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də tələb etdiyi kimi, öz işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmamasına, itkin düşmüş şəxslərin taleyi barəsində məlumat mübadiləsinə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslara imkan verməməsinə aydınlıq gətirməsi daha düzgün olardı: “Ermənistan xarici işlər naziri hər fürsətdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə barəsində çağırışlarını təhrif edilmiş formada təqdim etməyə çalışır. Birincisi, ardıcıllıq bu formada olsa da, diplomatik və siyasi etikadan kənar formada Nalbandyan tərəfindən xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyündən əvvəl təqdim olunur. Ona xatırlatmaq istərdik ki, prinsiplərin bu formada ardıcıllığı Helsinki Yekun Sənədindən irəli gəlir, bu ardıcıllıq əsnasında Helsinki sənədində ərazi bütövlüyünün prioritetliyi ön sıraya çəkilir və xalqların öz müqəddəratını təyinetmə prinsipinin ərazi bütövlüyünə uyğun şəkildə ifadə olunması təsbit olunur. Ümumiyyətlə, xalqların öz müqəddəratını təyinetmə prinsipinə gəldikdə isə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra Azərbaycanın sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması öz müqəddəratını müəyyən edə bilər. Güc tətbiq etmək və ya güc tətbiq etməklə hədələməmək prinsipindən çox danışan Ermənistan tərəfi hələ də anlamır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək, Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq, hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu güc tətbiq etmək və güc tətbiq etməklə hədələməyin bariz ifadəsi olaraq, regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir və qeyri-sabitliyin mənbəyidir”.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü aradan qaldırıldıqdan və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh və sabitlik bərqərar ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR