Oqtay Şirəliyev Azərbaycanda ana və uşaq ölümünə münasibət bildirib

Oqtay Şirəliyev Azərbaycanda ana və uşaq ölümünə münasibət bildirib
# 12 aprel 2013 15:57 (UTC +04:00)

Bərdə. Teymur Zahidoqlu-APA. Səhiyyə naziri Oqtay Şirəliyev Bərdə-Müalicə Diaqnostika mərkəzində vətəndaşlarla görüşüb onların müraciətlərini dinləyib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir qəbula gəlmiş Bərdə, Tərtər, Ağdam, Yevlax, Beyləqan, Füzuli, İmişli, Mingəçevir, Ağcabədi, Laçın, Xocalı, Xocavənd rayonlarından olan 80 nəfərə yaxın sakini qəbul edib, qaldırılan bəzi problemlərin yerindəcə həllinə göstəriş verib.

Nazir daha sonra jurnalistlərin suallarını cavablandırıb. Ölkədə dərman preparatlarına nəzarətin gücləndiriləcəyini deyən nazir bildirib ki, bu məsələ dövlət rəhbərinin şəxsi diqqətindədir.

Azərbaycanda ötən gecə qeydə alınan ana və uşaq ölümü barədə suala cavab verən nazir bu sahədə problemlərin aradan qalxmaqda olduğunu söyləyib: “Sonuncu dəfə iki gün əvvəl bir ana ölümü qeydə alınıb. Bu istiqamətdə aparılan tədbirlər çox müsbət nəticələr verir”.

Ümumiyyətlə, səhiyyə müəssisələrində qeydə alınan ölüm faktlarının nazirlik tərəfindən ciddi araşdırıldığını deyən nazirin sözlərinə görə, bütün hallarda hər bir hadisəyə obyektiv qiymət verilir.

O. Şirəliyev son illər ərzində qonşu ölkələrə, xüsusilə də İran İslam Respublikasına müalicəyə gedənlərin sayının artması barədə deyilənlərlə razılaşmayıb: “Düzdür, əvvəllər Azərbaycanda ürək, böyrək, qara ciyər əməliyyatları, orqan köçürülməsi çox aşağı səviyyədə idi. Amma bu gün ən ağır cərrahiyə əməliyyatları bölgələrimizdə də həyata keçirilir. İndi xaricə müalicəyə gedənlərin sayının həddindən artıq göstərilməsi əsassızdır”.

Nazir ucqar bölgələrdə də səhiyyənin müəssisələrinin sayının artdığını, son illər yüksək ixtisaslı mütəxəssislərin həmin yerlərə məmnuniyyətlə təyinat aldıqlarını da açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR