Gürcüstanda "Ana dili" Günü bayramı ilə bağlı tədbirlər keçirilib - FOTOSESSİYA

Gürcüstanda "Ana dili" Günü bayramı ilə bağlı tədbirlər keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 aprel 2015 17:58 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda "Ana dili" Günü bayramı qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili "Ana dili" Günü münasibəti ilə çıxışında 1978-ci il aprelin 14-də Gürcüstanda gürcü dilinin rəsmi olaraq dövlət dili elan edildiyini bildirib. O, müasir şəraitdə dövlət dilinə qarşı heç bir təhlükə olmadığını qeyd edib: "Biz bu dilin toxunulmazlığını qorumalı və onu gələcək nəsillərə ötürməliyik", deyə baş nazir bildirib.

Tiflisdəki "Liqamus" Kitab Evində təşkil olunan bayram tədbirini Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili açıb: "Mən çox şadam ki, Gürcüstan əhalisi dövlət dilini indiyədək qoruyub saxlayıb və bu gün dövlət dilimiz gürcü dilidir. Mən şadam ki, bu gün ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə gürcü dilində danışırıq. Ölkəmizdə yaşayan etnik azlıqlar gürcü dilini mükəmməl bilir və dövlət dilini bilməklə qürur duyurlar. Dövlətimiz bu gün Gürcüstanda yaşayan millətlərin dilinə böyük hörmətlə yanaşır və bu dilləri qoruyur", deyə dövlət naziri qeyd edib.

Tədbirdə Gürcüstanda yaşayan 10-a yaxın millətin nümayəndələri iştirak edib. "Ana dili" Günü bayramında etnik azlıq nümayəndələri də iştirak edərək gürcü şairlərinin şerlərini gürcü dilində söyləyiblər. Marneulidən və Kaxeti bölgəsindən olan azərbaycanlı gənclər dövlət dilinin vacib olduğunu bildiriblər. Dövlət naziri Paata Zakareişvili tədbir iştirakçılarına hədiyyələr verib.

Tədbir "BMT Assosiasiyası" və Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyi ilə birgə təşkil edilib.

Təşkilatçılardan biri olan barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı APA-ya açıqlamasında etnik azlıqlar tərəfindən dövlət dilinə marağın artdığını bildirib: "Gürcüstanda belə tədbirlərdə müxtəlif millətlərin çıxışı o deməkdir ki, ölkədə dövlət dilinə maraq artıb. Biz bunun üçün əlimizdən gələni edirik. Bu dildə artıq yüzlərlə azərbaycanlı gənc danışır və Gürcüstanın dövlət universitetlərində təhsil alırlar. İnanırıq ki, gələcəkdə dövlət və hökumət strukturlarında çalışan azərbaycanlı kadrların sayı artacaq", deyə Z. Darğallı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR