AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək
# 15 iyul 2015 13:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək.

AMEA-dan APA-ya verilən xəbərə görə, bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin növbəti iclasında deyib.

Son illərdə Azərbaycanda informasiya cəmiyyətinin uğurla formalaşması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran R. Əliquliyev elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsinin alimlər qarşısında mühüm vəzifə olduğunu bildirib.

R. Əliquliyev bu məsələlərin həlli istiqamətində veb-resursların xüsusi əhəmiyyətini önə çəkərək aparılan ilkin araşdırmalar nəticəsində ortaya çıxan problemlərdən söz açıb. Onun sözlərinə görə, AMEA-nın elmi müəssisələrinə məxsus bir sıra veb-saytlar dizayn, proqram təminatı, informasiyanın dolğunluğu və aktuallığı baxımından müasir tələblərə cavab vermir.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb ki, Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində Akademiyanın veb-infrastrukturu və onun əhatə etdiyi veb-saytların monitorinqi həyata keçirilsin. Bu və digər qərarların icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik R. Əliquliyevə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR