Azay Quliyev: “USAİD-lə Memorandum imzalamaqla bir daha göstərdik ki, açıq cəmiyyət qururuq”

Azay Quliyev: “USAİD-lə Memorandum imzalamaqla bir daha göstərdik ki, açıq cəmiyyət qururuq”
# 17 aprel 2013 13:46 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Azərbaycan açıq və demokratik ölkədir və qabaqcıl ölkələrin təcrübəsini öyrənmək və tətbiq etməkdə maraqlıdır. Bu gün USAİD-lə anlaşma Memorandumu imzalamaqla bir daha göstərdik ki, biz açıq cəmiyyət qururuq və vətəndaş cəmiyyətin quruculuğunda həm yerli, həm də beynəlxalq tərəfdaşların imkanlarından istifadə etməyə hazırıq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını sədri Azay Quliyev deyib. O bildirib ki, beynəlxalq təşkilatlar və xarici QHT-lər Azərbaycanda fəaliyyət göstərərkən ölkə Konstitusiyasına, qanunlara əməl etməlidir, Azərbaycanın maraqlarına əleyhinə gizli proqramlar icra etməməlidir: “Biz bir tərəfdən açıq və şəffaf əməkdaşlığın tərəfdarıyıq, digər tərəfdən isə bunun Azərbaycanın qanunların çərçivəsində həyata keçirilməsini istəyirik”.

Azərbaycanın gənclərlə bağlı siyasətinə toxunan A. Quliyev qeyd edib ki, dövlət bununla bağlı ciddi proqrama malikdir, Gənclərə Dəstək Fondu yaradılıb və fondun vəsaitləri bu sahədəki proqramlara xərclənir: “Bunun hesabına hər il minlərlə gənc xaricdə təhsil alır. Biz Azərbaycanda neft kapitalını insan kapitalına çevirməliyik və bu məsələdə gənclər xüsusi çəkiyə malikdir. Burada bizim fəaliyyətimiz tam şəffaf və aydındır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR