“Gənclər və sabahın innovasiyalı iqtisadiyyatı” mövzusunda konfrans keçirilib

“Gənclər və sabahın innovasiyalı iqtisadiyyatı” mövzusunda konfrans keçirilib
# 02 aprel 2015 15:20 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Gənclər və sabahın innovasiyalı iqtisadiyyatı” mövzusunda ali təhsil müəssisələri tələbələrinin II respublika konfransı keçirilib.

Akademiyadan APA-ya verilən məlumata görə, plenar iclas AƏSMA-nın konfrans zalında Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən gələn qonaqların, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə baş tutub.

Konfransda respublikanın 15 ali təhsil müəssisəsindən 72 tələbə məruzə ilə çıxış edib.

Tədbiri Akademiyanın elmi işlər üzrə prorektoru, iqtisad ü.f.d., dosent Mobil Məcidov açaraq, Azərbaycan təhsil sistemindəki yeniliklər, tətbiq edilən beynəlxalq standartlar, onların uğurlu nəticələri barədə danışıb.

Plenar iclasda AƏSMA-nın III kurs tələbəsi Ağami Rəhimov “Müasir şəraitdə Azərbaycanda innovasiya sisteminin formalaşması və inkişafı”, III kurs tələbəsi Rəfiqə Əliyeva “Həmkarlar ittifaqına gənclərin baxışı: müasir reallıqlar, problemlər və yeni yanaşmalar”, III kurs tələbəsi Xəlil Babayev isə “Biliklər iqtisadiyyatı və innovasiya” adlı məruzələrini konfrans iştirakçılarına təqdim ediblər.

Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib. Burada iştirak edən tələbələr iştirakçıların marağına səbəb olan müxtəlif məruzələrlə çıxış ediblər.

Konfransın sonunda prorektor M.Məcidov yekun sözü ilə çıxış edərək qeyd edib ki, Azərbaycanın tərəqqisində və rəqabət qabiliyyətli iqtisadiyyatın sabitliyində, ölkəmizdə aparılan uğurlu dövlətçilik siyasətinin davam etməsində, qazanılmış nailiyyətləri əks etdirən etibarlı gələcəyin təminində gənclərin xüsusi rolu var: “Ona görə də gənclər daha çox oxumalı, yenilikləri öyrənməli, hərtərəfli biliklərə sahib olmalı, yeni innovasiyalardan xəbərdar olmalı, dərin və məntiqli mühakimələr yürütməyi bacarmalıdırlar”.

Konfrans müxtəlif bölmələr üzrə işini yekunlaşdıqdan sonra, dinlənilən məruzələr münsiflər heyəti tərəfindən qiymətləndirilərək, hər 2 bölmə üzrə ən yaxşı 12 məruzəçi mükafatlandırılıb və diplomlarla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR