Elman Mehdiyev: “Özəl pensiya fondlarının fəaliyyətinin təşkili üzrə Çərçivə Planı hazırdır”

Elman Mehdiyev: “Özəl pensiya fondlarının fəaliyyətinin təşkili üzrə Çərçivə Planı hazırdır”
# 29 aprel 2015 08:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Yığım komponentinin tətbiqi və özəl pensiya fondlarının təşkili ilə bağlı qanunvericiliyin hazırlanması kifayət qədər mürəkkəb mərhələ olmaqla sığorta pensiya sistemindən kənar amillərdən, o cümlədən maliyyə bazarının və qiymətli kağızlar bazarının inkişafı səviyyəsindən asılıdır”.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə DSMF sədri Elman Mehdiyev bildirib.

Sədr bildirib ki, Azərbaycanda yığım komponentinin tətbiqi və özəl pensiya fondlarının fəaliyyətinin təşkili üzrə DSMF və Avropa Birliyinin birgə layihəsinin aralıq mərhələsinə həsr olunana konfransda Çərçivə Planı açıqlanacaq.

“Həmin Çərçivə Planı təbii ki, bir neçə alternativlərin nəzərdən keçirilməsinə yönəldilib. Yəni avropalı ekspertlər Azərbaycan üçün mümkün variantları ictimaiyyətə təqdim edəcəklər. Bu variantlar üzrə biz aidiyyatı dövlət orqanları ilə bir daha müzakirələr apardıqdan sonra konkret istiqamətdə qanunvericilik bazasının hazırlanması işini yekunlaşdıracağıq”, - deyə E. Mehdiyev bildirib.

E. Mehdiyev Çərçivə Planının artıq hazır olduğunu vurğulayıb.

“Hər hansı bir qanunvericiliyin hazırlanması üçün Avropa təcrübəsinə uyğun olaraq, ilk növbədə mövcud vəziyyət dərindən öyrənilməli, təsir edəcək amillər qiymətləndirilməli, bu istiqamətdə araşdırmalar aparılmalıdır. Ötən dövrdə avropalı ekspertlər, Azərbaycan Respublikasının dövlət qurumları və aidiyyatı maliyyə bank sektorunun subyektləri ilə qarşılıqlı görüş əsasında bu tədqiqatı yekunlaşdırıblar və müxtəlif istiqamətlər üzrə alternativlər təqdim edirlər ki, Azərbaycanın maliyyə, qiymətli kağızlar bazarının perspektiv inkişaf istiqamətlərinə uyğun olaraq hansı əsaslarla biz könüllü sosial sığortalanmanı və buna uyğun olaraq fərdi hesablar sisteminə əsaslanan könüllü yığım komponenti və özəl pensiya fondlarının fəaliyyətini təşkil edə bilərik”, - deyə DSMF sədri bildirib.

E. Mehdiyev əlavə edib ki, bu Çərçivə Planı uyğun olaraq konkret variant üzərində dayanılacaq və bu seçimi etdikdən sonra qanunvericiliyin bu əsasda yekunlaşdırılması işi başa çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR