Azərbaycanda daha 100 əlil avtomobillə təmin edilib - FOTO

Azərbaycanda daha 100 əlil avtomobillə təmin edilib - <span style="color: red;">FOTO
# 18 sentyabr 2015 10:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ildə növbəyə dayanan daha 100 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobilləri təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 7 nəfəri Böyük Vətən müharibəsi və 58 nəfəri Qarabağ müharibəsi əlilləri, digərləri 20 Yanvar, Çernobıl AES əlilləri və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev vurğulayıb ki, Azərbaycan prezidentinin sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatının əhəmiyyətli şəkildə sürətlənməsinə şərait yaradıb. Həmin sərəncamların uğurlu icrası olaraq, ƏƏSMN tərəfindən ötən il ərzində 2014-cü ilədək növbəyə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər “Naz-LİFAN” markalı minik avtomobili ilə tam təmin olunublar. Eyni zamanda 2014-cü ilin mart ayınadək növbəyə dayananlara da artıq minik avtomobilləri verilib. Hazırda xüsusi tibbi göstəriş əsasında cari il ərzində növbəyə dayanan imtiyazlı şəxslərin minik avtomobili ilə təminatı işləri aparılır.

Xidmət rəisi bildirib ki, müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillə təminatı işləri də uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, respublikanın bölgələrində 375 fərdi evin tikintisi həyata keçirilib və inşası başa çatan evlərin istifadəyə verilməsinə başlanılıb.

Tədbirdə əlil ictimai birliklərinin rəhbərləri əlilliyi olan insanlara, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə dövlət qayğısından söz açıblar. Bildirilib ki, təkcə ötən il Azərbaycan prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan prezident təqaüdlərinin orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Həmçinin əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə prezident təqaüdünün verilməsinə, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb.

Qeyd olunub ki, bu kimi mühüm sosial müdafiə tədbirləri, eləcə də imtiyazlı şəxslərə dövlət büdcəsi hesabına minik avtomobillərinin təqdim olunması Azərbaycanda iqtisadi inkişaf prosesləri ilə bərabər, sosial proqramların icrası işlərinin də yüksələn xətlə davam etdirilməsinin əməli təsdiqidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR