Azərbaycanda 4 mindən çox kiçik həcmli layihəyə 50 mln. manat güzəştli kredit ayırıb

Azərbaycanda 4 mindən çox kiçik həcmli layihəyə 50 mln. manat güzəştli kredit ayırıb
# 19 noyabr 2014 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə 4 218 sahibkarlıq subyektinə 237,3 mln. manat həcmində güzəştli dövlət kreditləri verilib. Bu kreditlər hesabına 9 427 yeni iş yerinin yaradılması imkanı yaranıb.

APA-Economics”in məlumatına görə, bunu “Vergilər” qəzetinə müsahibəsində SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, güzəştli kreditlərin 83,7%-i aqrar sektorun, 16,3%-i müxtəlif sənaye və digər sahələrin inkişafı məqsədilə verilib: “Verilmiş kreditlərin 78%-i respublikanın regionlarının, 22%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Əsasən, əhalinin həssas qruplarının, o cümlədən məcburi köçkün, əlil, gənc və qadın sahibkarların, eləcə də aztəminatlı ailələrin kiçik həcmli kreditlərdən maksimum bəhrələnərək özlərinə biznes imkanları yaratmaları daim diqqət mərkəzində saxlanılır. 198 məcburi köçkün sahibkara 6,7 mln. manat, 498 qadın sahibkara 7,3 mln. manat və 879 gənc sahibkara 34,3 mln. manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına müvafiq olaraq 398, 994 və 1736 yeni iş yerinin açılmasına imkan yaranıb”.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 19,6% artıb.

Fond sədri qeyd edib ki, bu ilin 9 ayı ərzində kiçik həcmli 4 132 layihəyə 49,1 mln. manat güzəştli kredit verilib: “Bu kreditlər hesabına 7 172 yeni iş yerinin yaradılması təmin olunacaq. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə kiçik həcmli layihələrin sayı 19,7%, məbləği isə 17,3% artıb. Bu kreditlər hesabına yeni yaradılan iş yerlərinin sayı da 17,3% artıb”.

Ş. Abdullayev bildirib ki, bu ilin 9 ayında aqrar sektorun inkişafı ilə bağlı 4 067 layihəyə 198,6 mln. manat güzəştli dövlət kreditləri verilib: “Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayının 20,3%, məbləğinin isə 26% artması deməkdir”.

Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi çərçivəsində 56 layihə maliyyələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR