Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 iyul 2015 13:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün rəhbərlik etdiyi qurum media ilə fəal şəkildə əməkdaşlıq edir: “Bir həftədən sonra Azərbaycan Milli Mətbuatının 140 illiyi tamam olacaq. Qarşıdan gələn bu mühüm bayram münasibətilə bütün jurnalistləri təbrik edirəm. 22 iyulda Həsən bəy Zərdabini yad etməmək qeyri-mümkündür. Həmçinin, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər maarifçilərimizi də qeyd etmək istəyirəm. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti də məhz bu ənənələrin əsasında yaradıldı. Bu gün elə bir sual yoxdur ki, bizim nazirliyin mətbuat xidməti ona cavab verməsin”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının maarifçilik ənənələri əsasında yarandığını söyləyib: “Bu tədbirin Təhsil Nazirliyində keçirilməsi bizim üçün çox əhəmiyyətlidir. Həsən bəy Zərdabi Azərbaycanın bölgələrini gəzərək maarifçilik ideyalarını yayırdı. O, xalqın mövhumatdan, gerilikdən xilas olmağının yeganə yolunu elmdə, təhsildə görürdü. Bu gün ölkədə təhsil sahəsində islahatlar həyata keçirilir. Mən də fürsətdən istifadə edib jurnalistlərə xüsusi diqqət ayırdığına görə Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm”.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli çıxışında qeyd edib ki, Azərbaycan dövləti mediaya xüsusi diqqət ayırır: “Bir aydan çoxdur ki, Azərbaycanda Milli Mətbuatın 140 illiyi ilə bağlı tədbirlər həyata keçirilir. Biz bu gün hamımız Həsən bəy Zərdabinin işığın yığışmışıq. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda mediaya dövlətin qayğısı var. Azərbaycanda şəffaf şəkildə fəaliyyət göstərən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və bu fond 34 qəzetə maliyyə yardımı ayırır”.

V. Səfərli Milli Mətbuatın 140 illiyi ilə bağlı mükafat üçün onlara 800-dən çox müraciətin daxil olduğunu əlavə edib.

Tədbirdə Təhsil Nazirliyinin internet saytının – www.edu.gov.az-ın yeni versiyasının təqdimatı da keçirilib.

Qeyd edilib ki, müasir tələblərə cavab verən sayt məzmun, dizayn, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenilənib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən dolğun məlumatlar yerləşdirilib. Saytın proqram təminatı və informasiya təhlükəsizliyi ən yüksək səviyyədə qorunur.

Sonda Təhsil Nazirliyi tərəfindən təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.

Mükafatlandırılanlar arasında "APA Holdinq"in əməkdaşları da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR