Komissiya: Ötən il müsahibələrin nəticələrindən narazı qalan 103 namizəd apellyasiya şikayəti verib

Komissiya: Ötən il müsahibələrin nəticələrindən narazı qalan 103 namizəd apellyasiya şikayəti verib
# 14 aprel 2015 11:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2014-cü ildə müsahibələrin nəticələri üzrə ümumilikdə 103 namizəd Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, bu barədə Komissiyanın 2014-cü il üzrə hesabatında bildirilib. Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2014-cü ilin may – iyul aylarında keçirilən test imtahanlarının nəticələrindən narazı qalan 21 namizəd Komissiyaya apellyasiya şikayəti ilə müraciət edib. Onlardan ikisinin müraciəti təmin edilib. Həmin namizədlərin yekun test imtahanı balları yenidən hesablanıb və onlar müsahibə mərhələsinə buraxılıblar. Həmin test imtahanlarında 4 min 751 nəfər namizəd iştirak edib, onlardan 1371 nəfəri isə müvəffəqiyyət qazanıb.

2014-cü ilin noyabr və 2015-ci il yanvar aylarında isə keçirilən test imtahanlarının nəticələrindən narazı qalan 15 namizəd Komissiyaya apellyasiya şikayəti ilə müraciət edib. Onlardan birinin müraciəti təmin edilib. Həmin test imtahanlarında 5 min 176 namizəd iştirak edib, onlardan 1720-si müvəffəqiyyət qazanıb.

2014-cü ildə müsahibələrin nəticələri üzrə isə ümumilikdə 103 apellyasiya şikayəti araşdırılıb. Onlardan 76-sı təmin olunmayıb. 6 nəfərin müsahibə nəticəsi Apellyasiya komissiyasının qərarına əsasən ləğv edilib və namizədlər vəzifələrə uyğun hesab ediliblər. 21 namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 9 namizəd vəzifəyə uyğun hesab edilib, 11 namizəd vəzifəyə uyğun hesab edilməyib, 1 namizəd isə yeni müsahibədə iştirak etməyib.

Qeyd edək ki, Komissiyada müsahibənin nəticəsindən narazı qalan namizədlərin müraciətlərinin operativ şəkildə hərtərəfli araşdırılaraq cavablandırılması üçün Apellyasiya komissiyası fəaliyyət göstərir. Bu araşdırmalarda müsahibələrin video çəkilişindən istifadə olunur. Verilmiş apellyasiya şikayətlərinə 7 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Apellyasiya şikayətinə baxılması üçün müsahibənin video çəkilişi ilə yanaşı, namizəd tərəfindən verilmiş şikayət Apellyasiya komissiyasında onun iştirakı ilə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR