Gömrük nəzarətindən keçməyən zərgərlik məmulatlarının Azərbaycana gətirilməsinin qarşısı alınıb

Gömrük nəzarətindən keçməyən zərgərlik məmulatlarının Azərbaycana gətirilməsinin qarşısı alınıb
# 09 aprel 2015 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük xidməti əməkdaşları vətəndaşın çantasında və üzərində ümumi çəkisi 315 qrama yaxın zərgərlik məmulatları aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Sevinc Şirinovaya məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda zərgərlik məmulatlarına oxşar predmetlərin təsviri görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman S. Şirinovaya məxsus əl çantasından, qabaqcadan gömrük nəzarətinə təqdim olunmayan, nə elektron, nə də yazılı formada bəyan edilməyən 11 cüt sırğa, 4 ədəd üzük, 2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 5 ədəd kulonlu boyunbağı aşkar olunub.

Sonra isə S. Şirinovanın üzərində aparılmış şəxsi yoxlama zamanı gömrük nəzarətinə təqdim olunmayan 2 ədəd bilərzik, 2 ədəd boyunbağı və 1 cüt sırğa aşkar edilib.

Faktla bağlı izahatında S. Şirinova aşkar edilən zərgərlik məmulatlarını Dubay şəhərindən aldığını bildirib, həmin əşyaları bəyan etməməsinin səbəbini isə qanunvericiliyi bilməməsi ilə əlaqələndirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 314,57 qram olan və 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR