Martın sonuna qədər TANAP boru kəmərinin tikintisi işlərinə başlanılacaq

Martın sonuna qədər TANAP boru kəmərinin tikintisi işlərinə başlanılacaq
# 19 mart 2015 13:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Trans-Anadolu (TANAP) qaz kəməri layihəsinin tikintisi üzrə konsorsium martın sonuna qədər boru kəmərinin tikintisi işlərinə başlayacaq.

APA-Economics”in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq 3 şirkət tenderdə qalib gəlib və 3 lot üzrə işlərə başlanılıb: “Türkiyənin Əskişəhər şəhərinə qədər olan 1 380 kilometr məsafədə tender başa çatıb. Bu tenderə görə, birinci lotda olan – Qars vilayətinə qədər olan hissədə iş aparmaq üçün Türkiyənin “Fernas İnşaat A.S.” şirkəti qalib gəlib. Mart-aprel aylarında işə başlamağı planlaşdırdığımız üçün artıq qaz boruları sahələrə daşınır. Aprel ayında ikinci sahədə Azərbaycana məxsus “Akkord” şirkəti işlərə başlayacaq. Üçüncü sahədə isə “TEKFEN İnşaat ve Tesisat A.S” tikinti işlərinə hazırlaşır”.

R. Abdullayev bildirib ki, bu ilin axırına qədər 4-cü lotda işlər başa çatdırılacaq: “Bu işi bir il gec başlamağımızın əsas səbəbi odur ki, TANAP-la nəql olunacaq ilk qazı Türkiyə alacaq və bu qazı Əskişəhərdə götürəcək. Avropaya gedən xəttə isə 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində ilk qaz axını veriləcək. Kifayət qədər vaxtımız olduğundan, tenderi bir il gec başladıq. Bu həm də bizə daha yaxşı qiymətlər almağa imkan yaratdı. Çünki, iş və tələbat çox olanda qiymətlər də qalxır. Kəmərin Türkiyə hissəsində ümumilikdə 100 mindən çox insan və xeyli sayda ağır texnika işə cəlb olunacaq”.

R. Abdullayev deyib ki, TANAP layihəsinin icra olunması üçün vacib olan maliyyə məsələsi tam həll olunub: “TANAP–a ayrılan vəsaitin 58%-ni SOCAR öz üzərinə götürüb. Artıq digər tərəfdaşlar da layihəyə daxil olublar və aprelin 1-dən etibarən öz maliyyələrini bura cəlb etməyə başlayacaqlar. Mütəxəssislərimiz yeni maliyyə mənbələrinin cəlb olunması üzərində işləyirlər. Hətta BP və “Botaş” şirkətləri ilə danışıqlar aparılıb. Layihəni vaxtında başa çatdırmaq və Avropaya qazı tez buraxmaq üçün nəğd vəsaitlə layihələşməsini biz həyata keçirdik. İşə başlayandan sonra maliyyələşməni hissə-hissə həyata keçirməyə başlayacağıq”.

SOCAR prezidenti qeyd edib ki, bu layihə 1 852 kilometr məsafədə, yəni Avropa sərhəddinə qədər uzanır: “TANAP SOCAR-ın beynəlxalq səviyyədə olan ən böyük layihəsidir. Layihə 10 mlrd. dollar məbləğində böyük vəsaitə və on minlərlə işçiyə malikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR