Moskvada Oleq Kuznetsovun “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabının təqdimatı keçirilib

Moskvada Oleq Kuznetsovun “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabının təqdimatı keçirilib
# 24 iyun 2016 08:36 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsovun “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Jurnalistlər Evində keçirilən təqdimat mərasimində Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, yerli və xarici medianın təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Oleq Kuznetsov bildirib ki, kitab inzibati maneələr və ermənilərin təzyiqləri altında çap olunub: "Üç dəfə nəşrinə yasaq qoyulsa da, nəhayət ki, fundamental monoqrafiyanı çap etmək mənə müyəssər oldu. Kitab tarixi-kriminoloji araşdırma əsəridir, ermənilərin dünyanın 22 ölkəsində törətdikləri 300-dən çox terror aktından bəhs edir. Bu kitabda söhbət nə İŞİD, nə də “Əl Qaida” təşkilatından gedir. Yüzlərlə qurbanı olan bu cinayətlərin müəllifi adıçəkilən qruplaşmalardan daha öncə yaranan, milli sərhədlər tanımayan erməni terror təşkilatlarıdır. Dünyada çox xalqların terror təşkilatları var, məsələn, baskların, irlandların, fələstinlilərin... Rusiyada çeçen terrorizmi deyilən anlayış var. Amma adı çəkilən xalqlar terror aktlarını ancaq iddia etdikləri dövlət içərisində həyata keçirirlər. Erməni terrorizmi isə ona görə unikaldır ki, dünyanın hər yerində terror törədir. Ermənilərin ASALA terror təşkilatı Qərbin xüsusi xidmət orqanları tərəfindən, xüsusi ilə də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Sovetlər İttifaqını dağıtmaq üçün yaradılmış bir təşkilat idi. Təkcə 1975-1999-cu illər ərzində erməni terror təşkilatları dünyanın 22 ölkəsində 300-dən çox terror aktı törədib ki, nəticədə onlarla xalqın təmsilçisi – ruslar, fransızlar və ən əsası da, türklər və azərbaycanlılar bu cinayətlərin qurbanı olublar. Bütün bunlar elmi araşdırmamda faktlarla qeyd olunub”.

O. Kuznetsovun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları bu kitabın çapına uzun müddət əngəl törədib: “Bu kitaba görə məni ekstremizmdə ittiham etməyə cəhd etdilər. Vəzifəli şəxslər məni Qarabağ ətrafındakı dincliyi pozmaq cəhdində günahlandırdılar. Nijnı Novqorodda, sonra da Tulada bu kitabı çap etmək istəsək də, mətbəələrə qadağa qoyuldu. Nə yaxşı ki, Moskvanın “Stolitsa” mətbəəsi özündə cəsarət tapıb, kitabın nəşrinə razılıq verdi. Kitabla bağlı Rusiyadakı erməni diasporunun da təhqirlərini və hədələrini tez-tez eşitməli oluram, amma bütün bu maneələri adlaya bildik. Deyə bilərəm ki, bu kitab mənim 45 illik ömrümün ən böyük əsəridir”.

Qeyd edək ki, “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR