“Dneproavia” Ukraynadan I Avropa Oyunlarına gələnlərə güzəştli bilet təklif edir

“Dneproavia” Ukraynadan I Avropa Oyunlarına gələnlərə güzəştli bilet təklif edir
# 03 iyun 2015 09:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA. “Dneproavia” şirkəti I Avropa Oyunlarını nəzərə alaraq, iyun ayının 6-dan etibarən idman yarışmasında iştirak edəcək idmançıların və azarkeşlərin gediş-gəlişini təmin etmək üçün Dnepropetrovsk-Bakı təyyarə reysində xüsusi xidmət növündən istifadə edəcək.

APA-nın xəbərinə görə, “Dneproavia” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Əziz Əliyevin verdiyi məlumata görə, I Avropa oyunlarında iştirak etmək üçün Ukraynadan Bakıya gələcək hər bir idmançıya və azarkeşə yüksək xidmət göstərmək, onlara Bakının qədim abidələri və müasir istirahət mərkəzləri ilə tanış olmaları üçün informasiya bukletləri paylanılacaq. Şirkət həmçinin Avropa oyunlarında iştiraklarını müvafiq sənədlə təsdiq edən sərnişinlərə güzəştli biletlər təqdim edəcək.

“Biz çalışacağıq ki, doğma Bakımıza gələn hər bir qonağa ölkəmiz haqqında dolğun məlumat verilsin”, - deyə Ə. Əliyev bildirib.

Ə. Əliyev qeyd edib ki, “Dneproavia” şirkəti bu istiqamətdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcək.

“Şərqi Ukraynada 2 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bölgədə həmçinin on minlərlə soydaşlarımız yaşayır. Onlar Ukraynanın Dnepropetrovsk, Xarkov, Zaporojye, Poltava, Sumı və digər şəhərlərindən Azərbaycana gəlib-getmək üçün mütləq hər dəfə əlavə 500-600 km məsafə qət etməklə Kiyevin Borispol hava limanından istifadə edirdilər ki, bu da onlara həm vaxt itkisi, həm də maddi baxımdan baha başa gəlirdi. Biz həmçinin soydaşlarımıza da bu istiqamətdə yüksək xidmət göstərməklə, onların vətənə gəlib getməsinin asanlaşdırılmasına öz töhfəmizi verəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, Dnepropetrovsk-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyunun 6-dan başlayaraq hər həftənin bazar günü yerli vaxtla saat 14:00-da Dnepropetrovsk şəhərindən, 19:30-da isə Bakıdan həyata keçirəcək.

Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən reysin sayını həftədə 2 dəfəyədək artırmağı da nəzərdə tutub. Yeni təyyarə reysinə bilet almaq istəyən sərnişinlər “Dniproavia.com” saytına və istənilən aviabilet satışı agentliklərinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR