Azərbaycanda respublika və yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirəcək orqanlar müəyyənləşib

Azərbaycanda respublika və yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirəcək orqanlar müəyyənləşib
# 24 noyabr 2014 17:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda Dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları həyata keçirəcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün təsdiq etdiyi “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən kameral qaydada nəzarət zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması halları aşkarlanarsa, həmin pozuntuların müəyyənləşdirilməsi və araşdırılması üçün yerli icra hakimiyyəti orqanından əlavə sənədlər tələb ediləcək, yaxud Komitənin əməkdaşları yerli icra hakimiyyəti orqanlarına ezam olunacaqlar. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçiriləcək. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir.



Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə etməli və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Komitə səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti layihələrinin ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmadığı aşkar olunduqda, yerli icra hakimiyyəti orqanlarına həmin tikinti layihələri üzrə tikintiyə icazənin verilməsindən imtina edilməsi barədə əsaslandırılmış göstəriş verəcək. Eyni zamanda şəhərsalma fəaliyyəti ilə bağlı aşkar olunmuş pozuntular barəsində akt tərtib etmək və onların aradan qaldırılması mümkün olduğu hallarda yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə yerinə yetirilmə müddəti göstərilməklə icrası məcburi olan əsaslandırılmış göstəriş verəcək, inzibati məsuliyyətə səbəb olan pozuntular barəsində protokol tərtib edəcək və müvafiq qərar qəbul edəcək. Komitə yol verilmiş pozuntuların aradan qaldırılması üçün verilmiş göstərişləri vaxtında icra etməyən və ya icrasını lazımınca təmin etməyən dövlət orqanları barədə onların yuxarı orqanlarına və aidiyyəti üzrə digər orqanlara məlumat verəcək.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsi 1 yanvar 2013-cü ildən qüvvəyə minib. Azərbaycan prezidenti İlham Əliyevin 17 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən isə Azərbaycanda tikinti sahəsində dövlət nəzarətini həyata keçirmək səlahiyyəti FHN-ə verilib. Həmin qaydalarda da qeyd edilmişdi ki, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 1 yanvar 2013-cü ildən sonra başlanılmış və tikinti mərhələsində olan hər hansı tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə, həmin obyektin sökülməsi barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qərar qəbul ediləcək. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyi müəyyən edildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qərar qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR