Novruz Məmmədov: "ABŞ-da bəzi dairələr hesab edir ki, Azərbaycan onların müəyyən etdiyi çərçivələrdən kənara çıxmamalıdır"

Novruz Məmmədov: "ABŞ-da bəzi dairələr hesab edir ki, Azərbaycan onların müəyyən etdiyi çərçivələrdən kənara çıxmamalıdır"
# 07 may 2015 14:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “ABŞ-da bəzi dairələr hesab edirlər ki, Azərbaycanın dövlət və milli maraqları onların müəyyən etdiyi çərçivələrdən kənara çıxmamalıdır, Azərbaycan təbii resurslarının bölgüsünü və ixracını Vaşinqtonda müəyyən edilmiş qaydada həyata keçirməlidir, Dağlıq Qarabağın taleyi isə hətta ölkəmizin maraqlarına zidd olsa belə, Azərbaycanın hüdudlarından kənarda hazırlanmış ssenarilər üzrə həll olunmalıdır. Bir sözlə, seçim hüququ Azərbaycan xalqına yox, aparıcı xarici dövlətlərin paytaxtlarındakı rejissorlara mənsub olmalıdır”.

APA-nın məlumatına görə, bu, Prezident Administrasiyasının rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfrans üçün “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda hazırladığı məqalədə əksini tapıb.

N. Məmmədov bildirib ki, bu düşüncə tərzinin nə qədər təhlükəli olması göz qabağındadır: “Azərbaycan artıq əyani surətdə sübut edib ki, müstəqil dövlət olaraq özü öz beynəlxalq əlaqələrini qurur və bunun üçün bu və ya digər güc mərkəzinin, kənar qüvvələrin məsləhətlərinə ehtiyac duymur. Azərbaycanın milli sərvəti olan enerji potensialı ilk növbədə Azərbaycan dövlətinin inkişafını və Azərbaycan xalqının rifahını təmin etməli, yalnız bundan sonra regional tərəqqiyə, həmçinin xarici ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verməlidir. Azərbaycan heç bir halda öz ərazi bütövlüyündən imtina etmək niyyətində deyil və beynəlxalq hüquqa, ədalət prinsipinə arxalanaraq bu yolda istənilən təzyiqə cavab vermək üçün onun gücü və qətiyyəti var”.

N. Məmmədovun sözlərinə görə, ola bilər ki, ABŞ-da müəyyən dairələr buna əsasən hesab etməyə başlayıblar ki, Azərbaycan Qərbi və onun dəyərlərini inkar etmək yoluna qədəm qoyub: “Guya Azərbaycanın Avropa məkanına inteqrasiya etməkdə marağı yoxdur və o, istər Vaşinqtonla, istərsə də onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək arzusunda deyil. Ola bilsin ki, məhz bu səbəbdən Qərbin bəzi KİV-lərində, məsələn, ABŞ Dövlət Departamentinin ruporu hesab edilən “The Washington Post” qəzetində və digər mətbu orqanlarda vaxtaşırı olaraq Azərbaycana qarşı yönəldilmiş, açıq-aşkar fitnəkar xarakterli, əməkdaşlıq kimi anlayışlarla uzlaşmayan və ən başlıcası, elementar etika çərçivəsindən kənara çıxan məqalələr dərc edilir. Təəssüf ki, bu iyrənc kampaniyada Avropada bir sıra təsisatlar və media orqanları da iştirak edirlər. Azərbaycana qarşı əsassız ittihamların, qeyri-obyektiv və düşmən münasibətlərin motivləri, təşkilatçıları və iştirakçıları məlumdur. Kimsə güclü Azərbaycandan qorxur, kimisə onun artan iqtisadi və hərbi gücü qıcıqlandırır. Ölkəmiz uzun illər boyu belə ittihamlara təmkinlə yanaşıb, mümkün olan hər şeyi edirdi ki, haqsız hücumlar strateji tərəfdaşlığa, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına kölgə salmasın. Müxtəlif ikitərəfli görüşlərdə, ayrı-ayrı tədbirlər çərçivəsində həm rəsmi, həm də qeyri-rəsmi formatda qaldırılan məsələlərə dair izahatlar verilir, irəli sürülmüş iddiaların əsassızlığı diqqətə çatdırılır. Azərbaycan bir tərəfdən açıq-aydın göstərdi ki, öz strateji seçiminə, vəzifə və öhdəliklərinə sadiqdir, digər tərəfdən, hamıya nümayiş etdirdi ki, müstəqil dövlət kimi dünya siyasətinin bütün aktorları ilə bərabərhüquqlu əməkdaşlıq çərçivəsində əlaqələri qaydaya salmaq niyyətindədir. Azərbaycan heç bir halda milli maraqları üçün real təhdid mənbəyi olan addımlar atmayacaq. Təəssüf ki, Azərbaycanın aydın ifadə edilmiş xarici siyasət kursuna dünyanın bəzi dövlətlərinin paytaxtlarında ədalətli mövqe nümayiş etdirilmir. Bu isə ikili standartlarla siyasi riyakarlıq arasındakı həddi aradan götürür”.

N. Məmmədov xatırladıb ki, ABŞ, Rusiya və Fransanın həmsədri olduğu ATƏT-in Minsk Qrupu 20 ildən artıq fəaliyyəti dövründə danışıqlardan və bütün məsuliyyəti münaqişə tərəflərinin üzərinə qoymaqdan irəli gedə bilməyib: “Özünü dünyaya həqiqət və ədalət carçısı kimi təqdim edən ABŞ Dağlıq Qarabağdakı separatçı rejimə 10 milyonlarla dollar həcmində rəsmi və qeyri-rəsmi yardım göstərən yeganə ölkədir. ABŞ-da bu separatçı rejimin nümayəndəliyi fəaliyyət göstərir, tanımamış “DQR"in başçıları isə bu ölkədə hər il marafon keçirərək böyük həcmdə vəsait yığırlar. ABŞ tərəfindən hər il Ermənistan üçün ayrılan yardım elə həmin ABŞ-ın tərəfdaş hesab etdiyi Azərbaycan üçün ayırdığı vəsaitdən çoxdur. Ukraynanın separatçı regionlarının rəhbərlərinə və onları dəstəkləyən dövlətə qarşı fərdi qaydada sanksiyalar tətbiq edilir, amma tanınmamış Dağlıq Qarabağ rejiminin başçısı bütün dünyanı gəzib dolaşır, onu müxtəlif səviyyələrdə qəbul edirlər”.

Rusiya- Azərbaycan münasibətlərinə toxunan N. Məmmədov nəzərə çatdırıb ki, iki ölkə arasında təşəkkül etmiş çoxvektorlu münasibətlər kompleksi, sabitləşmiş tarixi və mədəni əlaqələr yaranıb: “Azərbaycan Cənubi Qafqazda Rusiyanın güclü təsirini nəzərə alaraq öz xarici siyasətində Rusiya ilə ikitərəfli münasibətlərə böyük əhəmiyyət verir, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Şimal-Cənub nəqliyyat dəhlizinin daha fəal işləməsi həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına uyğundur və biz də öz tərəfimizdən zəruri infrastrukturu yaradırıq. Rusiya bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarının reallaşdırılması sahəsində əməkdaşlıq üçün yaxşı potensial imkanlar var. Bizdə ikitərəfli əməkdaşlıqda uğurlarla yanaşı, bir sıra məsələlər üzrə Rusiyadan ciddi gözləntilər var. Doğrudur, Bakı ilə Moskva arasında siyasi əlaqələr keyfiyyətcə yeni səviyyəyə çıxıb, lakin bu, heç də o demək deyil ki, biz Rusiyanın bütün inteqrasiya layihələrinin iştirakçısı olmağa hazırıq. Bunun da səbəbi var. Bakının dəqiq ifadə edilmiş mövqeyini Kremldə anlayırlar”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR