Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
# 12 aprel 2013 13:23 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Mayın 29-dan iyunun 1-dək Bakıda "Çeşidli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.

II Bakı Forumunda hazırkı mədəniyyətlərarası münasibətlərin normal inkişafına mane olan məsələlər, təhdidlərin aradan qaldırılması üçün müxtəlif mövzularda maraqlı debatlar təşkil ediləcək, mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri, mədəni-sosial, dini, iqtisadiyyat, biznes sahələrinin təsirləri müzakirə olunacaq. Forum həmçinin iştirakçı ölkə və təşkilatlara bu sahədə müvafiq təcrübəni bölüşmək, eləcə də yeni təşəbbüslər irəli sürmək imkanı yaradacaq.

Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq dünyada ilk dəfə Şərq-Qərb mədəniyyət nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Tədbirdə beynəlxalq qurumların rəhbərləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, ölkə prezidentinin fərmanı ilə Dünya Forumu hər iki ildə bir dəfə Bakıda keçiriləcək. Tədbirin təşkilinə məsul qurum kimi Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR