Azərbaycanda kasko sığortasına maraq aşağı olaraq qalır

Azərbaycanda kasko sığortasına maraq aşağı olaraq qalır
# 22 yanvar 2015 11:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə sığorta növləri arasında ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, bu növ sığorta üzrə yığımlar 10,3 dəfə artaraq 1,31 mln. manat təşkil edib. Artımın dinamikasına görə 2-ci yeri kənd təsərrüfatı heyvanlarının sığortası tutub. Bu sığorta növündə toplanan sığorta haqqı 3,8 dəfə artaraq 2 mln. manatı keçib.

Sığorta yığımlarının məbləği həyatın ölüm halından sığortasında 2,8 dəfə artaraq 16,7 mln. manat, həyatın yaşam sığortasında 58% artaraq 59,5 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 3,3 dəfə artaraq 458 min manat, fərdi qəza və xəstəlik sığortasında 3,2% artaraq 11,2 mln. manat, tibbi sığortada 8,9% artaraq 71,3 mln. manat, səyahət sığortasında 13,1% artaraq 2,1, mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 13,9% artaraq 28,3 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 31,3% artaraq 17,4 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 8% artaraq 403 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 1,6 % artaraq 70,3 mln. manat, sərnişinlərin icbari fərdi qəza sığortası 78,4% artaraq 150 min manat təşkil edib.

Ötən il ərzində sığorta növləri arasında ən ciddi azalma isə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığım 53,7% azalaraq 939 min manata düşüb. Azalmanın dinamikasına görə 2-ci yeri işçilərin dələduzluğu sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 43,7% azalaraq 567 min manat təşkil edib.

Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar 23,7% azalaraq 36,4 mln. manat, kasko sığortada isə 33,5% azalaraq 37,8 mln. manat təşkil edib.

Sığorta ödənişlərinə gəlincə isə, ən çox artım hava nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 158 dəfə artaraq 215 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri su nəqliyyat vasitələrinin sığortası tutub. Bu sığorta növü üzrə ödəniş 69 dəfə artaraq 94 min manat olub.

Həyatın ölüm halından sığortası üzrə ödənişlər 5,2 dəfə artaraq 1,3 mln. manat, həyatın yaşam sığortasında 11,4 dəfə artaraq 24,8 mln. manat, fərdi qəza və xəstəlik sığortasında 10,6% artaraq 1,6 mln. manat, tibbi sığortada 4,3% artaraq 48,1 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər 2,4 dəfə artaraq 7,6 mln. manat, kasko sığortasında 2,2% artaraq 28,6 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 65% artaraq 2,4 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 67% artaraq 2,4 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 12,3% artaraq 30,2 mln. manat təşkil edib.

Sığorta ödənişləri üzrə ən çox azalma isə Milli Məclis deputatlarının icbari şəxsi sığortasında və auditorların peşə məsuliyyətinin icbari sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 100% azalıb. Səyahət sığortası üzrə ödənişlər isə 8,4% azalaraq 268 min manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR