Süleyman Qasımov: “Neftin ucuzlaşmasının SOCAR-a təsiri o qədər də böyük deyil”

Süleyman Qasımov: “Neftin ucuzlaşmasının SOCAR-a təsiri o qədər də böyük deyil”
# 15 aprel 2015 13:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünya birjalarında neftin ucuzlaşmasının şirkətin həyata keçirdiyi bir sıra layihələrə təsiri ilə bağlı açıqlama verib.

APA-Economics”in məlumatına görə, SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə bildirib ki, keçən ilin sonlarına yaxın dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi müşahidə olunur və bu, SOCAR-ın gəlirlərinə təsir edib.

“Amma bu təsir o qədər böyük deyil. Buna səbəb SOCAR-ın xam neft ixrac etməməsidir. SOCAR əsasən daxili bazarda neftin emalını həyata keçirir və daxili bazarın tələbatını təmin etmək funksiyasını yerinə yetirir. Daxil bazarda da neft məhsullarının və qazın qiyməti dövlət tərəfindən tənzimlənən qiymətlərdir. Bu qiymətlər SOCAR-ın qarşıya qoyduğu proqramların maliyyələşdirilməsində təbii ki, tam olmasa da cavab verir. Buna baxmayaraq, SOCAR özünün gəlir-xərclər smetasını müvafiq nazirliklərlə razılaşdırmaqla, 2015-ci ildə qarşıya qoyulan layihələri maliyyələşdirilir. Bu maliyyələşmənin müəyyən hissəsi cəlb edilmiş vəsaitlər hesabına ödəniləcək”.

S. Qasımov bildirib ki, artıq SOCAR mart ayında avrobondların üçüncü emissiyasını həyata keçirib: “Bu, 15 illik və 750 milyon avro məbləğində buraxılmış bondlardır. Bu vəsaitin əsas hissəsi - 500 milyon avro SOCAR-ın Türkiyədə həyata keçirdiyi “Star” layihəsinin maliyyələşdirilməsinə yönəldilib. Bu, bir daha göstərir ki, SOCAR böyük layihələrin maliyyələşdirilməsini dayandırmır”.

Vitse-prezident deyib ki, TANAP-ın maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir və bu istiqamətdə işlər böyük plan üzrə sürətlə həyata keçirilir: “Bu da onu göstərir ki, SOCAR-ın ən böyük layihəsi olan TANAP üzrə heç bir gecikmə yoxdur. Eyni zamanda, SOCAR-ın ölkədən kənarda olan digər xırda layihələrinə böyük həcmdə maliyyə tələb olunmur. Bu da bu il üçün xərclər smetasında nəzərdə tutulub. Bizim bu layihələrin də həyata keçirilməsinə imkanımız olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR