“Qəbələ” Hollandiyanın “Alkmaar” klubu ilə qarşılaşıb

“Qəbələ” Hollandiyanın “Alkmaar” klubu ilə qarşılaşıb
# 21 iyul 2014 11:40 (UTC +04:00)

Bakı – APA. Hollandiyada növbəti mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” futbol klubu toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, ilk matçda yerli “Arnem” komandasını 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” bu dəfə “Alkmaar”la qarşılaşıb.

Əfsanəvi hollandiyalı Marko van Bastenin baş məşqçisi olduğu Hollandiya təmsilçisi bu görüşdə 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin qapısına hər iki qolu Muamer Tankovic vurub.

Qarşılaşmadan sonra van Basten oyun haqda fikirlərini açıqlayıb: “Maraqlı və gərgin matç oldu. Rəqib gözəl oyun nümayiş etdirdi. Qarşımızda yaxşı təşkilatlanmış və intizamlı rəqib gördük. Qarşılaşma boyu yaxşı qol imkanları yaxaladılar. Düşünürəm ki, hazırlıq baxımından hər iki komanda üçün yararlı bir qarşılaşma oldu. Oyundan da, nəticədən də razı qaldım. “Qəbələ” haqda ətraflı məlumatımız yox idi. Bu matça digər oyunlara hazırlaşdığımız kimi ciddi hazırlaşmışdıq. “Qəbələ”nin Akademiyasının direktoru Stenli Brarddan rəqib haqda məlumat ala bilərdim. Lakin onunla bu barədə danışmamışıq".

Qeyd edək ki, “Qəbələ” toplanış çərçivəsində 3-cü oyununu iyulun 23-də,Türkiyə təmsilçisi "Konyaspor"a qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR