Ermənilər 1918-ci ilin martında Hacıqabul, Salyan və Neftçalada kütləvi qətllər və talanlar törədiblər - FOTOSESSİYA

Ermənilər 1918-ci ilin martında Hacıqabul, Salyan və Neftçalada kütləvi qətllər və talanlar törədiblər - <span style="color: red;">FOTOSESSİYA
# 31 mart 2015 09:30 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər yalnız Bakı ilə məhdudlaşmayıb. Bolşevik-erməni silahlı dəstələri Hacıqabul (Şamaxı qəzası), Salyan-Neftçala (Cavad qəzası) və Muğan bölgəsində də kütləvi qətllər, basqınlar və talanlar törədiblər.

Hacıqabul rayon Tarix Memarlıq Qoruğunun direktoru Mübariz Xəlilov bildirib ki, onun rəhbərlik etdiyi idarədə saxlanılan istintaq materiallarının surətlərində Hacıqabul rayonunda baş verən qətllər haqqında dəhşətli faktlar öz əksini tapıb. İstintaq materiallarından görünür ki, ermənilər kəndlərdə əhaliyə dəhşətli işgəncələr verib. Hacıqabul rayonunun Nəvahi kəndində yüzlərlə azərbaycanlı qətlə yetirilib. Kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər. Məşhur seyid ailəsinin üzvləri olan gəlin və baldız 3 azyaşlı uşaqla birlikdə namuslarını qorumaq naminə özlərini kəndin nohuruna atıblar.

1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, əvvəllər isə Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndində ermənilər yüzlərlə insanı qətlə yetiriblər. Nəvahi kəndində 955 yerli sakin öldürülüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Qubalı-Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq öldürülüb. Padar kəndində 80, Abdulyan kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər qətlə yetirilib. Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib. Ermənilər 10 min iri buynuzlu, 15 min xırda buynuzlu heyvanı, taxıl və ərzaq anbarlarını talayaraq aparıblar.

Salyanlı tədqiqatçı Fəxrəddin Fərzəliyev deyib ki, 1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında (indiki Salyan-Neftçala rayonları ərazisində) dəhşətli qətllər törədilib. Belə ki, Sentrokaspi Diktaturası 1918-ci ilin iyun ayında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən dırnağadək silahlanmış 900 nəfərədək əsgəri və hərbi sursatlarla dolu gəmiləri Bakıdan Salyana göndərib. Düşmən birləşmələri Xəzər dənizindən Kürün deltasına girərək çayın Muğan və Şirvan tayında yerləşən Bankə, Xıllı, Tatarməhlə, Uzunbabalı, Kürqarabucaq, Ərəbbəbirxanlı və Kürqaraqaşlı kimi onlarla yaşayış məntəqələrini yandıraraq külə döndərib. Ümumilikdə 18 kənddə 540-dan çox ev yandırılıb. Əhalinin mal-qarası, qızıl-zinət və digər əşyaları qarət edilib. Erməni quldur dəstələri yüzlərlə əliyalın, günahsız insanları vəhşicəsinə qətlə yetirərək Kürqaraqaşlı kəndinə kimi gəlib çatıblar. Ramazan paşanın 400 nəfərlik nizami qüvvəsi düşməni Salyanın Kürqaraqaşlı kəndində qarşılayıb və “Demosfen” adlı gəmini vuraraq batırıb. Bundan sonra düşmən pərakəndə halda geri çəkilib. Türk əsgərləri onları sona kimi təqib ediblər. Bu qanlı qırğında 2 mindən çox dinc sakin qətlə yetirilib, türk ordusunun 14 əsgəri və Ömər paşa adlı generalı şəhid olub. Şəhid olmuş türk əsgərlərinin 11 nəfəri Neftçalanın Bankə kəndində, Ömər paşa da daxil olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Hər iki rayonda türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR