Hüquq müdafiəçisi polis idarəsində baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparıb

Hüquq müdafiəçisi polis idarəsində baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparıb
# 11 mart 2015 10:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçisi Rafiq Lətifovla birlikdə Səbail rayon Polis İdarəsində monitorinq keçirib.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, idarənin müvəqqəti saxlanma yerində saxlanılan şəxs yoxdur: “Biz orada olarkən martın 8-də saxlanma yerində baş vermiş intihar faktını araşdırdıq. Məlumata görə, martın 8-də saat 16:10 radələrində orada saxlanılan Naxçıvan sakini , 1987-ci il təvəllüdlü Qəmbərli Azər Eldar oğlu özünü dəsmalla asaraq intihar edib. Azər Qəmbərli Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 177-ci (oğurluq) maddələrinə əsasən şübhəli bilinərək saxlanılıb. Bundan əvvəl məhkumluq həyatı yaşayıb. Mən Səbail rayon prokurorunun köməkçisi Əhməd müəllimlə də danışdım. Bildirdi ki, meyitə baxış keçirilərkən mərhumun qardaşı da orada olub. Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Məndə olan məlumata görə, Azər Qəmbərli həbsxanaya getməkdən qorxduğu üçün bu addımı atıb”.

E. Behbudov hadisə ilə əlaqədar cinayət işi açıldığını da söyləyib: “Cinayət Məcəlləsinin 125-ci (qəsdən özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda araşdırma aparılır. Mən bir hüquq müdafiəçisi kimi hesab edirəm ki, həmin vaxt növbədə olan polis əməkdaşları səhlənkarlıq ediblər. Çünki onlar tez-tez kameranın gözlüyündən içəri baxmalıdırlar. Məndə olan məlumata görə, həmin əməkdaşlar daxili işlər naziri tərəfindən cəzalandırılacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR