Krımda və Xersonda ermənilər tərəfindən iki azərbaycanlı iş adamı vəhşicəsinə öldürülüb

Krımda və Xersonda ermənilər tərəfindən iki azərbaycanlı iş adamı vəhşicəsinə öldürülüb
# 18 avqust 2015 10:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Krımda və Ukraynanın Xerson vilayətində 2 azərbaycanlı iş adamı ermənilər tərəfindən qətlə yetirilib. Ailəsi ilə Xerson şəhərində yaşamış, Krımın Yalta şəhərində qətlə yetirilən, Azərbaycan vətəndaşı 1987-ci il təvəllüdlü Rahil Mehdiyevin atası Əbdürrəhman Mehdiyev APA-ya bildirib ki, oğlu ötən həftə ermənilər tərəfindən təklənərək vəhşicəsinə öldürüb.

Oğlunun Xersondan Krıma artıq bir neçə ildir ticarət məqsədi ilə getdiyini deyən Ə. Mehdiyev hadisənin təfərrüatını açıqlayıb: “Yaltada onun ticarət obyekti vardı. Yaxınlığında daha bir azərbaycanlının da ticarət obyekti olub. Onların qonşuluğunda isə ermənilərə məxsus obyektlər olub. Həmin gün iki erməni oğlumun qonşuluğunda azərbaycanlı gəncəı sataşıblar. Oğlum dərhal buna etiraz edib və onların gəncdən nə istədiyini soruşub. Ermənilər gözlənilmədən oğluma da hücum ediblər. Bu zaman daha bir neçə erməni də onlara köməyə gəlib və oğlumu təkləyiblər. Onu boynun arxasında çoxsaylı bıçaq zərbəsi ilə vəhşicəsinə necə vurmuşdularsa yerindəcə keçinmişdi. Yalta şəhər polis idarəsinin işi aparan müstəntiqi mənə dedi ki, oğlum ona hücum edən iki ermənini tərksilah edərək əllərindəki bıçağı alıb, onu vuranlar sonradan köməyə gələnlər olub”. Atası bildirir ki, şəhər milisi ermənilərdən ikisini dərhal saxlasa da sonradan azad edib: “Səbəbini mənə izah etmədilər, ona görə də mən Krımın baş prokuroruna və daxili işlər nazirinə müraciət etmişəm, qəbullarında olacam”.

Xerson şəhərində qətlə yetirilən əslən Azərbaycanın Beyləqan rayonundan olan digər iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlunun qardaşı İlqar Qiyasov da APA-ya qardaşının şəhərdəki bazarın erməni sahibi, keçmiş milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriot fikirləri həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər. Sonda isə həmin bazarın yerli millətə məxsus administratorlardan birinin telefonu ilə qardaşımı görüşə çağırıb onu əvvəlcə qorxuzmaq istəyiblər. Sonradan milis tərəfindən saxlanılan şahidləri biri etiraf etdi ki, həmin vaxt qardaşım bunun səbəbi ilə maraqlanmaq istəyəndə üstünə tökülüb onu döyərək əvvəlcə onurğa sütununu sındırıblar, sonra da ürəkləri soyumayıb boğazını və əl qolunu kəsərək öldürüblər. Onlar bunu Luqasyanın sifarişi ilə etdiklərini etiraf ediblər. O Luqasyan burada çox tanınmış adamdır və digər biznesmen qardaşı ilə birgə azərbaycanlılara, türklərə qarşı nifrəti ilə seçilir”. İ. Nuruşov deyir ki, istintaq məhz o erməni generala və onun respublika Daxili İşlər Nazirliyindəki əlaqələrinə görə işin açılmasını ləngidir: “Ona görə də biz bununla bağlı ölkə rəhbərliyinə, baş prokurorluğa azərbaycanlılar adından müraciət hazırlayırıq”.

Xerson vilayəti azərbaycanlıları Konqresinin sədri Əlimardan Kərimov isə APA-ya bildirib ki, qətllərlə bağlı Azərbaycanın Ukraynadakı səfirliyi ilə birgə yerli hüquq mühafizə orqanlarına ciddi etirazlarını bildiriblər: “Xüsusilə Xersondakı hadisə ilə bağlı istintaqın qəsdən ört basdır edilməsi bağlı rəsmi qurumlara iradlarımızı bildirmişik, lazım gəlsə kütləvi etiraza da qalxacağıq”.

Qeyd edək ki, ötən gün daha bir azərbaycanlı iş adamı, diaspor fəalı İlham Tağıyev də naməlum şəxslər tərəfindən hücuma məruz qalaraq vəhşicəsinə döyülərək öldürülüb.

Ukraynanın daxili işlər naziri, nazirin müşaviri, nazirliyin aparat rəhbəri və beynəlxalq idarə rəisi milliyətcə ermənidir. Onlar Ukraynadakı erməni diaspor fəallarıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR