Azərbaycanda pərakəndə əmtəə bazarı bir ildə 10%-dək artıb

Azərbaycanda pərakəndə əmtəə bazarı bir ildə 10%-dək artıb
# 16 may 2015 11:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 7,5 mlrd. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 99,8%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 11,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 52,3%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 36,2%-i isə əmtəə bazarlarında satılıb. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin yanvar-aprel aylarının səviyyəsini 9,5% üstələyib, bu bölmə üzrə real artımın 57,0%-i fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb.

Göstərilən dövrdə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 197,5 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,8 manat çox əmtəə alıb. Bu artımın 55,5%-i və ya 12,1 manatı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində yaranıb.

Əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 48,0%-dən 49,9%-dək yüksəlib. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 15,4% artaraq 3743,3 mln. manata çatıb. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 4,8% üstələyib.

Hesabat dövründə hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 98,9 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 98,6 manatlıq qeyri-ərzaq malları alıb. 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 14,3 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 7,5 manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1%-i qida məhsulları, içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq malları,geyim və ayaqqabıların, 6,0%-i elektrik malları və mebelin, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 1,1%-i əczaçılıq və tibbi malların, 6,7%-i avtomobil yanacağının, 17,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR