Azərbaycanın Litvadakı səfiri Klaypeda şəhərinə səfər edib

Azərbaycanın Litvadakı səfiri Klaypeda şəhərinə səfər edib
# 18 may 2015 08:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Klaypeda şəhərinə səfər edib.

APA-nın məlumatına görə, səfər çərçivəsində o, şəhərin meri Vitautas Qrubliauskasla görüşüb.

Qrubliauskasa Azərbaycan-Litva əlaqələrinə dair məlumat verən səfir Şaulyay və Şəmkirin qardaşlaşmış şəhərlər olduğunu, Klaypeda şəhəri ilə də bu təcrübənin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Xalqların biri-birini tanımaqda, daha da yaxınlaşmaqda mədəniyyətin və incəsənətin mühüm rolunu nəzərə alaraq, bu istiqamətdə işlərin aparılması, artıq baş tutmuş və planlaşdırılan yeni mədəniyyət məsələləri müzakirə edilib.

Azərbaycan prezidentinin təhsil sahəsinə xüsusi diqqətin yetirildiyini qeyd edən diplomat hazırda Litvanın 5 universitetinin Xarici Ölkələrdə Təhsil üzrə Dövlət Proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğuyıb. Səfir bir çox Azərbaycan və Litva universitetləri arasında birbaşa əməkdaşlığın mövcud olduğunu və bu cür əlaqələrin Klaypedada yerləşən ali təhsil ocaqları ilə mümkünlüyünü qeyd edib. Eyni zamanda, Azərbaycan prezidenti yanında fəaliyyət göstərən “Bilik Fondu” tərəfindən təşkil edilən multikulturalizm mövzusunda mühazirələrin Klaypedada keçirilməsi məsələsi müzakirə edilib. Litva xalqlarına Azərbaycanı və azərbaycanlıları daha da yaxşı tanımağa, onlarla yaxınlaşmağa təkan verə biləcək bu mühazirələrin özlərində ölkəmizin mədəniyyəti, tarixi və ədəbiyyatı barədə ətraflı məlumatı cəmləşdirdiklərini vurğulayan səfir bu cür birdəfəlik və ya silsilə tədbirlərin keçirilməsinin mümkünlüyünü önə çəkib.

Sonra səfir Klaypeda Limanının baş direktoru Arvidas Vaytkusla görüşüb. Görüşdə səfir Azərbaycanda dənizçilik və yeni beynəlxalq limanın inşası barədə ətraflı məlumat verib. A. Vaytkus rəhbərlik etdiyi limanın potensial və imkanları, yeni layihələr və planlar, infrastruktur və inkişaf barədə səfirə məlumat verib, mümkün əməkdaşlığın istiqamətləri haqqında fikirləri ilə bölüşüb. Bu mövzularda aparılmış danışıqlarda iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, sərmayələrin yatırılması məsələləri müzakirə edilib.

Görüşlərdə Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasında Azərbaycan diasporunun təmsilçisi Əliağa Məmmədov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR