AMEA-nın elmi-tədqiqat proqramlar müsabiqəsinə 142 proqram təqdim edilib

AMEA-nın elmi-tədqiqat proqramlar müsabiqəsinə 142 proqram təqdim edilib
# 17 dekabr 2014 14:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının iclasında elmi-tədqiqat proqramlar müsabiqəsinin nəticələri müzakirə olunub. APA-nın xəbərinə görə, AMEA-nın elmi təşkilat idarəsinin rəisi Әminağa Sadıqov çıxışında deyib ki, müsabiqə ərzində proqramların təqdim olunması üçün 3 ay vaxt verilib. Həmin müddətdə müsabiqəyə 142 proqram təqdim edildiyini nəzərə çatdıran idarə rəisi bildirib ki, proqramların ümumi smetası 24 milyon 250 min manatdır.

Müsabiqədə dəyəri 100 min manata kimi olan proqramların sayı 63, dəyəri 100-300 min manata kimi olan proqramların sayı 68, dəyəri 300-500 min manata kimi olan proqramların sayı 5, dəyəri 500 min - 1 milyon manatadək olan proqramların sayı 2, dəyəri 1 milyondan yuxarı olan proqramların sayı 2 olub. Proqramlar Ekspertlər Komissiyası tərəfindən qiymətləndirilib.

Ə. Sadıqov qeyd edib ki, müsabiqə AMEA Rəyasət Heyətinin bu ilin iyul ayında aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi-tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi məqsədilə elan edilib. Onun sözlərinə görə, Rəyasət Heyətinin 9 aprel 2014-cü il tarixli qərarı ilə elan olunmuş müsabiqəyə təqdim olunan proqramlar fundamental və tətbiqi elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinə uyğun olaraq dünyada elmin, texnologiyaların inkişaf meylləri nəzərə alınmaqla, araşdırmaların elm sahələrinin qovşağında (multidisiplinar) aparılmasına üstünlük verməklə hazırlanıb, ölkənin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR