Razi Nurullayev Əli Kərimlini hakimiyyətə işləməkdə ittiham edib

Razi Nurullayev Əli Kərimlini hakimiyyətə işləməkdə ittiham edib
# 24 fevral 2015 09:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, partiyadan istefa verən Razi Nurullayev mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, R.Nurullayev bildirib ki, AXCP sədri Əli Kərimli partiyada gənclərə yer verdiyini desə də, əslində həyatını AXCP-yə həsr edən yaşlı nəsil sıxışdırılır: “Çünki onlar gözlərini açıb reallığı görür, yenilik istəyirlər. Suraxanı şöbəsinin sədrini məcburən uzaqlaşdırdılar və Əli Kərimlinin cangüdənini təyin etdilər. Partiyada hər şey şəxsi maraqlarla idarə olunur. Rəyasət Heyətində 5 saat iclasda otururduq, əksəriyyətini Əli Kərimli danışırdı, bunun 80 faizi isə “facebook”da “like”lərin olmasına, paylaşımlara gedirdi. Böyük bir partiyanın bu qədər xırdalığa getməsi düzgün deyil. Mən partiyada bu cür xırdalıqların əleyhinə olmuşam”.

O bildirib ki, Ə.Kərimli partiya üzvlərini bir-bir onun əleyhinə qaldırır: “Partiyanın bütün rayon şöbələrindən “Azadlıq” qəzetinə abunə olmaq tələb olunur. Ancaq qəzetdə qəzet üçün pul yığan insanların, rayon şöbələrinin sədrlərinin müsahibələri yox, sədrin, ona yaxın adamların müsahibələri yer alır. Artıq köhnə cəbhəçilər partiyada nə baş verdiyini anlayır və partiya sədrinin göstərişinə əməl etmirlər. Bütün günü küncdə-bucaqda Əli Kərimli özünə yaxın insanlarla pıçıldaşıb öz siyasətini qurur, qalanlar isə aşağılanır. Partiyada kişiliyini, mənliyini saxlayan şəxslər məni müdafiə etməlidirlər. Əli Kərimlinin göstərişi ilə saxta profillər vasitəsilə mənə qarşı hücum edirlər. Sədr bir-bir cəbhəçilərə yazır ki, sən niyə əlini daşın altına qoymursan? Razi Nurullayevlə münasibəti qoruyursan?”

R.Nurullayev heç bir zaman hakimiyyətə loyal münasibət bəsləmədiyini qeyd edib. O, bundan əvvəl də partiyadan istefa verənlərin Ə.Kərimlinin şantajının qurbanı olduğunu vurğulayıb: “Məsələn, şəhərdə velosiped alı, sürürdüm, gəlib sosial şəbəkədə şəhərin gözəlliyi barədə yazsam, məni vətən xaini elan edirdilər. Bundan əvvəlkilər Asəf Quliyev, müşavirlərdən biri də bunun qurbanı oldu. Bir xanıma qarşı porno kasetlə şantaj nə deməkdir? Halbuki Əli Kərimli özü həmişə şantaja qarşı olduğunu bəyan edib”.

O, istefa verdiyi gün Ə.Kərimli ilə aralarında olan dialoqu da açıqlayaraq, onun hakimiyyətlə əməkdaşlıq içərisində olduğunu vurğulayıb: “Əli Kərimli məni evinə dəvət etdi. Məni şantaj edərək dedi ki, onda dəqiq məlumat var ki, mən hakimiyyətə işləyirəm və hakimiyyətdə dostlarım var. Dedi ki, ABŞ və Böyük Britaniya səfirliyi ona fakt təqdim etdilər ki, mən dövlətə satılmışam. Demək, ABŞ və Böyük Britaniya səfirliyində ölkəni dinləmə aparatı quraşdırılıb. Necə ola bilər ki, səfirlik məni izləyib və Əli Kərimliyə belə hesabat verib? Əslində isə mənim ABŞ və Böyük Britaniya səfirliyi ilə çox yaxşı münasibətim olub. Əli Kərimli mənə dedi ki, məni azad edəndən sonra ABŞ səfirliyində görüşə gedəcək və həmin gün də orda olub. Mən satqınlıq məfhumunu qəbul etmirəm. O, hakimiyyətdə işlədiyi adamlar olduğunu dedi, bildirdi ki, onlar guya ona yazılı məlumat verərək, mənim hakimiyyətlə əməkdaşlıq etdiyimi deyiblər. Demək, Əli Kərimli özü hakimiyyətə satılıbmış. Hakimiyyətdən biznes yolu ilə pul alır. Hakimiyyətdən biznes strukturları yolu ilə maliyyət dəstəyi alır. Oğlu da, qızı da Bakının ən bahalı məktəblərində, İngiltərədə təhsil alıblar. Bu pullar ona haradan gəlirdi? Araşdıraq görək, hakimiyyətdə iki nəfər adam kimdir ki, onunla əməkdaşlıq edir. Mənə susmağı təklif etdi. Dedi ki, vətəndaş cəmiyyətində işlərimin çoxluğu, səhhətimlə bağlı istefa verdiyimi açıqlayım. Bildirdi ki, mən onun əleyhinə sədrlik postundan uzaqlaşdırmaq üçün təbliğat aparmışam. Yəni məni bu cür şantaj yolu ilə susdurmaq istəyirlər. Amma Əli Kərimli məndən canını qurtara bilməyəcək. Əli Kərimlinin hakimiyyətə satıldığını partiyada bilənlər var. Mən onlara səslənirəm ki, cəsarətli olsunlar”.

R.Nurullayev gələcək fəaliyyəti haqqında danışaraq, siyasətdən getməyəcəyini və yaxın vaxtlarda yeni siyasi təşkilat təsis edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR