“Neftçi”nin sabiq prezidentinə yeni vəzifə verilib, vitse-prezident postu ləğv edilib

“Neftçi”nin sabiq prezidentinə yeni vəzifə verilib, vitse-prezident postu ləğv edilib
# 31 mart 2015 15:57 (UTC +04:00)

Bakı – APA. “Neftçi”nin prezidenti postundan uzaqlaşdırılan Sadıq Sadıqovun yeni vəzifəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, o, bundan sonra da klubda fəaliyyət göstərəcək.

Belə ki, Müşahidə Şurasının üzvləri sırasında yer alacaq Sadıqov həm də “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri təyin edilib.

Eyni zamanda, Müşahidə Şurasının üzvlərinin haradan seçilmələrinə də aydınlıq gəlib. Sadıqov, həmçinin Zaur Qəhrəmanov və Cəbrayıl Cəbrayılov Müşahidə Şurasına “Neftçi” İdman Klubu İctimai Birliyindən seçilib. Digər 4 üzv - Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd Qurbanov və Şuraya rəhbərlik edəcək Çingiz Abdullayev isə burada “Neftçi” PFK-nı təmsil edəcək.

“Neftçi” klubunda prezident vəzifəsinin ardınca, vitse-prezident vəzifəsi də ləğv olunub. Bu postu tutmuş Elnur Məmmədov da yeni vəzifəyə təyin olunub.

O, Müşahidə Şurasının qərarına əsasən, bundan sonra klubun icraçı-direktoru vəzifəsini icra edəcək. Məmmədov klubun idarəetmə sistemini həyata keçirəcək.

Müşahidə Şurasının tapşırığına əsasən, icraçı-direktor klubun yeni strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim etməlidir. Bundan əlavə, ilk olaraq klubun məhdud məsuliyyətli cəmiyyətdən açıq səhmdar cəmiyyətinə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR