Məktəbəhazırlıq qruplarında məşğələlərin başlama vaxtında dəyişiklik edilib

Məktəbəhazırlıq qruplarında məşğələlərin başlama vaxtında dəyişiklik edilib
# 21 sentyabr 2016 12:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlərin başlama vaxtında dəyişiklik edilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bu il oktyabr ayının 1-i şənbə gününə təsadüf etdiyindən məşğələlər oktyabrın 3-dən başlanacaq.

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına aparılacaq. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib.

Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub. Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək. Qruplarda təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR