Məhkəmə Bakıda yanan binada zərərçəkmişlərlə bağlı Polis İdarəsinə müraciət edəcək

Məhkəmə Bakıda yanan binada zərərçəkmişlərlə bağlı Polis İdarəsinə müraciət edəcək
# 09 avqust 2016 09:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

APA-nın məlumatına görə, buna səbəb zərərçəkmiş şəxslərin yenə də prosesə gəlməməsi olub. Hakim Eldar İsmayılov bildirib ki, ötən prosesdə zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarılsa da, heç kim prosesə gətirilməyib, bu işlə məşğul olan sahə müvəkkili məsələyə məsuliyyətsiz yanaşıb: "Baxmayaraq ki, bizə zərərçəkmiş şəxslərin məhkəmədə iştirakını təmin etmək üçün söz vermişdilər".

Hakim qeyd edib ki, məsələyə ciddi yanaşılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə məktub göndəriləcək və növbəti prosesdə zərərçəkmişlərin iştirakı təmin olunacaq.

Proses avqustun 16-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada dünyasını dəyişib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR