Azərbaycanın müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb
# 02 dekabr 2015 13:59 (UTC +04:00)

Bakı - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 2-də Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri, xanım Tinatin Xidaşeli ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gürcüstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın, həmçinin Şəhidlər xiyabanınl ziyarət edib.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Z. Həsənov ölkələrimizin hərbi əməkdaşlığının ikitərəfli və NATO vasitəsilə həyata keçirilən proqramlar və treninqlər çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xüsusi qeyd edib.

Müdafiə naziri dövlətlərimiz arasında strateji tərəfdaşlığın daim inkişaf etdiyini, onun dostluq münasibətləri üzərində qurulduğunu və dərin tarixi köklərə malik olduğunu xatırladaraq Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və cəbhəboyu zonada gərginliyi artırmaq cəhdlərini diqqətə çatdırıb.

Sonra Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında əlaqələrin müəyyən edilmiş istiqamətlər üzrə genişləndirilməsi, hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, Silahlı Qüvvələrin müxtəlif bölmələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsinin perspektivləri, qarşılıqlı işçi görüşlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər dekabrın 3-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR