“Həkim-rezidentin nümunəvi vəzifə təlimatı” və “Rezidentin kuratoru haqqında əsasnamə” təsdiq edilib

“Həkim-rezidentin nümunəvi vəzifə təlimatı” və “Rezidentin kuratoru haqqında əsasnamə” təsdiq edilib
# 18 dekabr 2015 12:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin əmrləri ilə “Həkim-rezidentin nümunəvi vəzifə təlimatı” və “Rezidentin kuratoru haqqında əsasnamə” təsdiq edilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin 23 oktyabr 2015-ci il tarixli 88 nömrəli əmri ilə “Həkim-rezidentin nümunəvi vəzifə təlimatı” təsdiq edilib: “Vəzifə təlimatında həkim-rezidentin tabeçiliyi, vəzifə öhdəlikləri, hüquqları və məsuliyyəti müəyyən edilir. Vəzifə təlimatına “Rezidentin fərdi iş planı forması” əlavə olunub.

Rezidentlərin hazırlığı onların fərdi iş planına müvafiq həyata keçirilir. Fərdi iş planı ixtisas üzrə təhsil proqramı və “Rezidentin fərdi iş planı nümunəsi”nə uyğun olaraq kuratorun köməyi ilə rezidentin özü tərəfindən ixtisas üzrə təhsil proqramına uyğun tərtib edilərək rezidentin işlədiyi şöbənin müdiri ilə razılaşdırılır və hər tədris ilinin oktyabr ayının 10-dək təsdiq üçün elmi yaxud tibbi şuraya təqdim olunur. Şöbədəki işin xüsusiyyətləri nəzərə alınmaqla zərurət olduqda şöbə müdiri tərəfindən fərdi iş planına təklif olunan dəyişikliklər klinik baza rəhbərliyi tərəfindən təsdiq olunur və fərdi iş planına əlavə olunur. Rezident fərdi iş planının yerinə yetirilməsini əks etdirən gündəlik aparır.

“Fərdi iş planı forması”nı Səhiyyə Nazirliyinin rəsmi internet saytında “Rezidentura” bölməsindən yükləmək mümkündür”.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin 23 oktyabr 2015-ci il tarixli 89 nömrəli əmri ilə “Rezidentin kuratoru haqqında əsasnamə” də təsdiq edilib: “Əsasnamə rezidentin kuratorunun fəaliyyət istiqamətləri, vəzifələri və hüquqlarını müəyyən edir. Əsasnamədə həmçinin kurator vəzifələrinin həvalə olunduğu həkim-mütəxəssislərin xüsusiyyətləri göstərilib.

“Həkim-rezidentin nümunəvi vəzifə təlimatı” və “Rezidentin kuratoru haqqında əsasnamə” rezidentura təhsilində iştirak edən əsas iştirakçıların vəzifələrini, hüquq və məsuliyyətini müəyyən etməklə həm bu təhsilin həyata keçirildiyi klinik bazalarda həkim-mütəxəssis hazırlığının təkmilləşdirilməsinə, həm də əhaliyə göstərilən tibbi xidmətlərin səmərəliliyinə xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR