Səfir: “Qətər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir” - MÜSAHİBƏ

Səfir: “Qətər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir” - <span style="color: red;">MÜSAHİBƏ
# 20 may 2016 11:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Qətər dövlətinin Azərbaycandakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin APA-ya müsahibəsi

- Qətər Dövlətinin əmirinin martın 8-9-da Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu söyləmək olarmı?

- Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü ildə yaranıb. Ötən müddət ərzində bu əlaqələr xüsusilə siyasi və diplomatik sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib. Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin Azərbaycan Respublikasına səfəri isə həqiqətən iki ölkə arasında iqtisadi və investisiya sahələrində əlaqələrin möhkəmlənməsinə güclü təkan verdi. Belə ki, bu səfər əsnasında ikitərəfli əlaqələrin güclənməsinə xidmət edən bir sıra sazişlər imzalanıb.

- Yaxın vaxtlarda Qətər Dövlətindən hansı yüksək səviyyəli səfərlər gözlənilir? Azərbaycan tərəfindən Qətərə hər hansı yüksək səviyyəli səfərlərin həyata keçiriləcəyi barədə məlumat varmı?

- İki ölkə arasında məsul şəxslərin qarşılıqlı səfərləri bütün dünyada, ələlxüsus da Yaxın Şərq və Cənubi Qafqaz regionlarında baş verən hadisələr barədə rəy mübadiləsi, məsləhətləşmələr aparılmasında və mövqelərin koordinasiya edilməsində mühüm rol oynayır. Ümumiyyətlə, son zamanlarda iki ölkə arasında aktiv diplomatik təmasların olduğunu deyə bilərik. Buna misal olaraq, Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin göstərişi ilə baş nazirin müavininin 25-27 aprel tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirakını göstərmək olar. Bundan əlavə, Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin göstərişi və Əmir Administrasiyasının tapşırığı ilə Qətər İnvestisiya Qurumunun nümayəndə heyəti investisiya imkanlarını öyrənmək üçün mayın 10-11-də Azərbaycana səfər edib. Azərbaycan tərəfindən isə xarici işlər nazirinin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyətinin 21-23 may 2016-cı il tarixlərində “Sabitlik və çiçəklənmə hamı üçün” adlı 16-cı Doha Qlobal Forumunda iştirak etmək üçün Dohaya səfər edəcəyi gözlənilir.

- Səfər zamanı Azərbaycan Respublikası hökuməti və Qətər dövləti hökuməti arasında birgə iqtisadi, ticari və texniki komissiyanın yaradılması haqqında saziş imzalanıb. Bu sazişin hər iki tərəf üçün əhəmiyyəti nədən ibarətdir?

- Qeyd etdiyimiz kimi, Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin Azərbaycan Respublikasına səfəri zamanı iki ölkə arasında əməkdaşlıq barədə bir sıra sazişlər, o cümlədən müştərək iqtisadi, ticari və texniki komissiyanın yaradılması haqda saziş imzalanıb. Onu da vurğulayaq ki, iki ölkə arasındakı iqtisadi əməkdaşlığın səviyyəsi bu sahədə lazımi hüquqi bazanın olmasına rəğmən iki ölkə rəhbərləri arasında hal-hazırda mövcud olan özünəməxsus siyasi əlaqələrin səviyyəsi ilə uzlaşmır. Ümidvaram ki, ölkə rəhbərlərinin dəstəyi ilə müştərək komissiyanın təşkili tərəflər arasında iqtisadi əməkdaşlıq sahəsində yeni mərhələnin başlanmasına, xüsusilə də qeyri-neft sektorunda yeni imkanların yaranmasına gətirib çıxaracaq. Belə ki, bu sahədə investisiya imkanları kifayət qədərdir. Bununla da tərəflər yaxın gələcəkdə həqiqi strateji tərəfdaşlığa nail ola bilərlər.

- Müştərək komissiyanın ilk iclası nə vaxt və harada olacaq?

- Hazırda bu barədə hər hansı məlumat yoxdur. Ümid edirik ki, bu, yaxın zamanlarda olar.

- Azərbaycan və Qətər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Qətər Dövləti Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Hal-hazırda da müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində sıx əməkdaşlıq mövcuddur. Qətər Dövləti Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyır və müxtəlif beynəlxalq səviyyələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyini dəstəkləyir. Biz Təhlükəsizlik Şurasını və digər əlaqədar beynəlxalq təşkilatları beynəlxalq qanunlara əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində bu münaqişənin tez bir zamanda ədalətli həllini tapması, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl edilməsi üçün öz vəzifələrini yerinə yetirməyə çağırırıq. Yalnız bununla strateji Cənubi Qafqaz regionunda sabitliyə və təhlükəsizliyə nail olmaq mümkündür.

- Təmas xəttində baş verən son gərginliklərlə bağlı şərhinizi bilmək istərdik.

- Azərbaycan ərazisində döyüşlərin yenidən başlamasına təəssüf edirik. Çünki müharibə hər bir halda böyük bəşəri və maddi itkilərə gətirib çıxarır. Ona görə də, biz bütün münaqişələrin, o cümlədən Qarabağ münaqişəsinin siyasi yollarla, Təhlükəsizlik Şurasının və beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə həllini dəstəkləyirik. Fürsətdən istifadə edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

- Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini “dondurulmamış” kimi xarakterizə edir. Minsk Qrupu həmsədrlərinin indiyədək fəaliyyəti də nəticəsiz olub. Bir diplomat kimi necə düşünürsünüz, bu vəziyyətin davam etməsinin səbəbi nədir?

- Azərbaycan uzun illər ərzində beynəlxalq birliyin qərarlarına müvafiq olaraq müharibə etmədən erməni silahlı qüvvələrinin bütün işğal edilmiş ərazilərdən çıxarılmasına yönələn prinsipial və sabit mövqe nümayiş etdirib. Heç bir nəticə verməyən uzun danışıqlar zamanı münaqişənin dinc vasitələrlə və Azərbaycan xalqının tələblərinə müvafiq həlli üçün rasional siyasət yürüdüb. Hamı bilir ki, Dağlıq Qarabağ münaqişəsi “soyuq müharibə”nin bitməsindən sonra yaranan, regional və beynəlxalq qüvvələrin təsiri nəticəsində əmələ gələn və bir sıra regional dəyişikliklərlə eyni vaxta təsadüf edən yerli etnik münaqişələrdən biri hesab edilir ki, bu da onun ədalətli həllinə mane olur.

- Sonda vurğulamaq istədiyiniz hər hansı məsələ varmı?

- Milli kapitalımızı Azərbaycanda investisiya imkanlarını öyrənməyə, Qətər Ticarət və Sənaye Palatası və İş Adamları Birliyinin nümayəndələrini Azərbaycana səfərlərini çoxaltmağa, oradakı iqtisadiyyat və investisiya ilə bağlı konfrans və sərgilərdə fəal iştirak etməyə dəvət edirəm. Belə ki, bu, iqtisadi qurumlar arasında əlaqələri möhkəmləndirməyə xidmət edir. Eyni zamanda, iki dost ölkənin müştərək maraqlarına xidmət edən humanitar və investisiya xarakterli xeyriyyə layihələri həyata keçirməyə dəvət edirəm. Sonda informasiya, baxış və mövqelərin, çağdaş problemlərin yayımlanmasında Azərbaycan KİV-in müstəsna rolunu qeyd etmək istəyirəm. Şübhə yoxdur ki, siyasi, mədəni və sosial sahələrdə əldə edilmiş nailiyyətlər iqtisadi inkişafa səbəb olur. Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqına səadət və tərəqqi arzulayıram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR