Azərbaycanın Los Ancelesdəki baş konsulu Aydaho ştatının qubernatoru ilə görüşüb

Azərbaycanın Los Ancelesdəki baş konsulu Aydaho ştatının qubernatoru ilə görüşüb
# 26 noyabr 2015 07:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Aydaho ştatının qubernatoru C. L. “Batç” Otterin rəsmi dəvəti ilə 22-24 noyabr tarixlərində bu ştatda səfərdə olub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, səfər müddətində baş konsul ştat qubernatoru Otter ilə görüş keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüşdə Azərbaycan və Aydaho ştatı arasında müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, təhsil və mədəniyyət üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu barədə qubernatora məlumat verən baş konsul N. Ağayev Aydaho ştatı ilə Azərbaycanın münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu söyləyib. Diplomat Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq bu gün ölkədə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O, son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiqləmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Qubernator Otter görüşdən məmnunluq duyduğunu ifadə edərək AzərbaycanlA əməkdaşlığın inkişaf etdirilməsində Aydaho ştatının maraqlı olduğunu bildirib.

Səfər müddətində baş konsul N. Ağayev Aydaho ştatının digər rəsmiləri, həmçinin, yerli icma nümayəndələri və müxtəlif media təmsilçiləri ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR