Türkiyədə yaşayan azərbaycanlı rəssam: “Mən sənət adamıyam, pulla işim yoxdur”

Türkiyədə  yaşayan azərbaycanlı rəssam: “Mən sənət adamıyam, pulla işim yoxdur”
# 05 mart 2016 13:30 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyədə yaşayan tanınmış rəssam Asim Rəsuloğlunun APA-ya müsahibəsi

- Nə vaxtdan Türkiyədə yaşayırsınız?

- Türkiyəyə 1996-cı ildə gəldim. Əvvəlcə Antalyada universitetdə dərs deyirdim. 2001-ci ildə rektor dəyişdi, təzə rektorla anlaşa bilmədik, ayrılıb özümün sənət emalatxanamı qurdum. Müstəqil işləyirəm. Türkiyədə, Norveçdə, Fransada, Danimarka, ABŞ-da sərgilər açıram.

- Tablolarınızı kolleksiyaçılara birbaşa satırsınız, yoxsa sərgilərdə satılır?

- Tablolarım, əsasən, sərgilərimdə satılır. Hər bir peşəkar sənətkar kimi mən satış işlərinə qarışmıram, öz sənətimlə məşğulam, sərgi açdığım qalereyalar tablolarımı satır. Norveçdə sərgim olanda bəzən kolleksiyaçılar məndən birbaşa tablolar alırlar. Ancaq, təkrar edirəm ki, peşəkar insan kimi tablolarımın daima qalereyalardan satılmasının tərəfdarıyam.

- Norveçdə, Danimarkada, Fransada olanda da əsər yaradırsınızmı?

- Yox. Mən əsərlərimin üzərində çox işləyirəm. Ona görə Avropaya sərgilərə gedəndə orada işləməyə vaxtın olmur. Türkiyədə işləyib kətənin üzərində əsərlərimi Avropaya aparıram. Orada qasnaq və çərçivə taxılır.

- Türkiyəyə qədər olan sənət yolunuz barədə məlumat verə bilərsinizmi?

- 1955-ci il martın 3-də Şəkidə anadan olmuşam. 1971-1975-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamıq məktəbində oxumuşam. Oranı bitirən kimi Minsk İncəsənət Akademiyasının monumental rəngkarlıq fakültəsinə oxumağa getmişəm. 1980-ci ildə Akademiyanın bitirib Bakıya qayıtmışam. O vaxtlar ildə 2 dəfə məni Moskvadakı Senejdə işləyib sərgilər açmağa göndərirdilər. Məşhur Tretyakov qalereyası o vaxtlar mənim 5 tablomu alıb. Senejlə əməkdaşlığım 6 il davam etdi.

- Öz dövrünüzdə Azərbaycanın rəsm ustalarından kimlərlə yaxınlığınız olub? Kimi özünüzə ustad sayırsınız?

- Gennadi Birjatyuk çox qüdrətli sənətkar idi. Onunla çox yaxın idik. Ondan çox şey öyrənmişəm. Həm də yaxın dostluğumuz olub. Dünyanın önəmli sənətkarlarından biridir. Kamal Əhmədin bizim nəslimizin yaradıcılığı üzərində təsiri böyükdür. Fərhad Xəlilov həm möhtərəm sənətkardır həm də illərdən bəri Rəssamlar İttifaqımıza çox yaxşı rəhbərlik edir. Onunla da yaxın dostluğumuz var. Oğlu Bəhram da yaxşı rəssamdır.

- Bəs onlardan əvvəlki nəsil? Mircavadı, Rasim Babayevi görürdünüzmü?

- O möhtərəm sənətkarları xatırlatdığınıza görə sizə təşəkkür edirəm. Mircavadı da Rasim Babayevi də tanıyırdım. Onlar Azərbaycan rəsm sənətini dünya miqyasına çıxaran sənətkarlardır. Hamısını hörmətlə xatırlayıram, hamısından öyrəndiyim çox şey var.

- Bəs Türkiyədə?

- Ankaradan Adnan Turaninin, İstanbuldan Süleyman Saim Tekcanın sənətini çox bəyənirəm. Sizə səmimi şəkildə deyirəm ki, rəssamlıq sənətində Azərbaycan Türkiyədən irəlidədir.

- Nə mənada?

- Ənənədən və təhsildən çox şey asılıdır. Azərbaycan rəssamlıq məktəbinin təmsilçiləri çox yaxşı təhsil görüblər, yaxşı müəllimlərdən dərs alıblar. Türkiyəni pisləmək mənasında demirəm, ancaq müqayisə edəndə Azərbaycan rəsm sənətinin daha irəlidə olduğu açıq-aşkardır.

- Türkiyədə neçə fərdi sərgi açmısınız?

- İndiyə qədər Türkiyənin müxtəlif şəhərlərində 20-dən artıq fərdi sərgi açmışam. Bakıda Rüstəm Mustafayev adına İncəsənət muzeyində 1 əsərim daima divarda asılıdır. Altay Sadıqzadənin Modern art muzeyində sərgi açmışam, orada 3 əsərim divardadır. Salxab Məmmədoun “Qız qalası” qalereyasında sərgi açmışam. Azərbaycanda məni yaxşı tanıyırlar. ABŞ-dakı Martin Lüter Kong muzeyi mənim 3 tablomu alıb.

- Emalatxananızda çəkdiyiniz tablolar Türkiyədə və Avropada satılır. Heç yerə bağlı olmadan çalışan sərbəst sənətkarsınız. Qazandığınız pul normal yaşayışınıza çatırmı?

- Mən sənətkaram, pulla işim yoxdur, sadəcə öz sənətimlə məşğulam, sənətimə qarşı məsuliyyət daşıyıram. Ona görə də heç vaxt pul barədə düşünmürəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR