AŞPA sədri: "Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır"

AŞPA sədri: "Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır"
# 20 may 2016 00:43 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt arasında görüş keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Oqtay Əsədov Pedro Aqramuntun Avropa Şurası Parlament Assambleyasının sədri kimi Azərbaycana ilk səfərini məmnuniyyətlə xatırladıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyinə görə ona təşəkkürünü bildirən Azərbaycan parlamentinin sədri ölkəmizin nümayəndə heyətinin bu beynəlxalq qurumda fəal təmsil olunduğunu qeyd edib: “Azərbaycanın Avropa Şurasında fəaliyyətinin başlıca istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunmasıdır. Çox təəssüf ki, bu problemlə bağlı məsələlər araşdırılarkən münaqişə tərəflərinə bərabər münasibət sərgilənirdi və bu cür münasibətin nəticəsi olaraq aprelin əvvəlində Ermənistan tərəfi Azərbaycana qarşı növbəti təxribat törətdi. Qoşunların təmas xəttində gedən döyüşlərin genişmiqyaslı müharibəyə keçmək ehtimalı var idi. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olan Azərbaycan birtərəfli atəşkəs elan etdi. Hazırda danışıqlar prosesi bərpa olunub".

Oqtay Əsədov AŞPA sədrinə Vyana görüşü barədə də məlumat verib: “Siz düzgün söyləmisiniz ki, bu münaqişə BMT-nin qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir. Biz bu sözləri AŞPA-nın ədalətli mövqeyi kimi qəbul edirik. Bütün beynəlxalq təşkilatlar artıq anlayıblar ki, status-kvo uzun müddət davam edə bilməz, münaqişə tezliklə həll olunmasa, yeni təxribatlara gətirib çıxaracaq”.

Pedro Aqramunt isə çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞPA-nın mövqeyini xatırladıb: "AŞPA-nın və şəxsən mənim mövqeyim belədir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu mövqeyimə görə Ermənistan tərəfi və hətta bəzi parlamentarilər məni kəskin tənqid etmiş, haqqımda xoş olmayan fikirlər söyləmişdilər. Lakin bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki mən mövqeyimin ədalətli olmasına əminəm. Mənim üçün əsas məsələ münaqişənin tezliklə həll olunmasıdır və bu istiqamətdə səylərimi bundan sonra da əsirgəməyəcəyəm”.

AŞPA sədri Azərbaycan prezidenti İlham Əliyevin əfv fərmanı nəticəsində 148 məhbusun azadlığa buraxılmasını, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncamını, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın amnistiya təşəbbüsü ilə parlamentə müraciət etməsini yüksək qiymətləndirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR