Rus dilində "Bakı. Şəhər tarixinin memarlıq abidələri üzrə qısa oçerki" kitabı çapdan çıxıb

Rus dilində "Bakı. Şəhər tarixinin memarlıq abidələri üzrə qısa oçerki" kitabı çapdan çıxıb
# 08 aprel 2016 14:20 (UTC +04:00)

Bakı - APA. "TEAS Press" Nəşriyyat evi tərəfindən nəfis tərtibatda nəşr edilən “Баку. Краткий очерк истории города по памятникам зодчества” («Bakı. Şəhər tarixinin memarlıq abidələri üzrə qısa oçerki ») adlı kitab işıq üzü görüb.

"TEAS Press"dən APA-ya verilən məlumata görə, rus dilində qələmə alınan əsər Bakının orta əsr tarixinin tədqiqi baxımından müstəsna əhəmiyyətə malikdir.

Kitabın müəllifi tanınmış azərbaycanlı memar, Memarlar və Rəssamlar ittifaqlarının, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rüfət Acalovdur.

Kitabda Bakı şəhərinin tarixindən qısaca bəhs olunur, arxitektura abidələri prizmasından yanaşılmaqla orta əsrlər şəhərinin ümumi mənzərəsi yaradılır. Oxucu memarlıq-arxitektura simasında “köhnə” ilə “yeni”nin çulğaşdığı Bakı şəhərinin özü ilə bilavasitə tanış olmaq imkanı qazanır.

İçərişəhərdə çoxsaylı memarlıq abidələri qorunub saxlanmışdır. Bakının feodalizm dövrü arxitekturası şəhərin tarixi keçmişinin gerçək şahididir. Bu abidələr həmin dövrün tarixini gözümüz önündə bir növ sənəd-sübutlar əsasında canlandırmağa imkan verir.

Bu tarixin səhifələrini vərəqləyərkən orada təcrübəli memarların və mahir el sənətkarlarının xüsusi istedadla “yazdığı” çox şeyi “oxumaq” olar.

Kitabın müəllifi arxeoloji məlumat və abidələri, yazılı mənbələri, kartoqrafik və arxiv materiallarını müqayisə edərək Bakının qədim tikili və abidələrinin plan və quruluşunda, habelə kompozisiyasının xarakterində baş vermiş dəyişikliklər barədə çox maraqlı mülahizələr irəli sürüb. Bu dəyişiklikləri müxtəlif tarixi mərhələlərdə ardıcıllıqla izləmək mümkündür.

Müəllif Bakı tarixinin istedadlı xəttatlar, usta və memarlar tərəfindən yazılan səhifələrini təmkin və bacarıqla vərəqləyərək orta əsrlər şəhərinin həyatının canlı mənzərəsini yaratmağa nail olub.

Bu kitabı oxuduqca sanki başqa bir aləmə düşürsən. Sanki ağır döyüşlərin qulaqbatırıcı gurultusunun və hay-küyünün əks-sədasını, ticarət və sənətkarlıq mərkəzi olan şəhərin öz mallarını ucadan tərifləyən tacirlərinin, ustalarının və usta şəyirdlərinin səs-küyünü eşidirsən.

Bu tədqiqat əsərində çoxsaylı faktoloji materialdan istifadə olunub, onlardan nümunələr gətirilib. Həmin materiallar da sübut edir ki, Bakı tarixinin kökləri lap qədimlərə gedib çıxır. Kitabda Bakı şəhərinin adının mənşəyinin də təhlili verilir, onun mənbələrdə rast gəlinən ən müxtəlif variantları sadalanır.

Müəllif köhnə Bakının VII-XVIII əsrlərdə hansı struktur dəyişikliklərinə məruz qalmasını da bu kitabda əhatəli şəkildə araşdırıb. Bu liman şəhərinin ta XIX əsrə qədər qala divarları çərçivəsindən kənara çıxmadan müxtəlif ölkələri həm quru, həm də dəniz yolu ilə necə birləşdirdiyini təsvir edib.

Bu əsər bir memarın İçərişəhərdə qorunub saxlanan mədəni irsə baxışıdır. Bu araşdırmalar ictimai mənafelərə yönələn və oxucularda xüsusi diqqət və maraq oyatmalı olan mükəmməl elmi-tədqiqat işidir.

İçərişəhər qoruğuna dair bələdçi kitabı da demək olan bu əsərin həm mütəxəssislər, həm də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanacağına şübhə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR