BMT-nin xüsusi məruzəçisi beynəlxalq təşkilatların tövsiyələrinin icrası üçün Azərbaycanda nazirliklərarası komitə yaradılmasını təklif edib

BMT-nin xüsusi məruzəçisi beynəlxalq təşkilatların tövsiyələrinin icrası üçün Azərbaycanda nazirliklərarası komitə yaradılmasını təklif edib
# 22 sentyabr 2016 12:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İnsan hüquqlarının vəziyyətini araşdırmaq üçün Azərbaycanda səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst bu gün mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, sentyabrın 14-dən Azərbaycanda səfərdə olan M. Forst insan hüquqları üzrə araşdırmalarının ilkin nəticələrini və tövsiyələrini açıqlayıb.

M. Forst deyib ki, vəkillər, hüquqşünaslar, hüquq müdafiəçiləri, jurnalistlər və siyasi fəallarla görüşüb: “Azərbaycan hökuməti ilə əməkdaşlıq üçün də təşəkkür edirəm. Prezident Administrasiyasında, Dövlət Təhlükəsizliyi Xidmətində, Ali Məhkəmədə, Baş Prokurorluqda, Ombudsman Aparatında görüşlər keçirdim. Dövlətin əsas məqsədi əsas insan hüquq və azadlıqlarını qorumaqdır”.

Xüsusi məruzəçisi bildirib ki, Azərbaycanda media mühitinin yaxşılaşdırılmasına ehtiyac var. O, Azərbaycanda internetə çıxışın geniş olduğunu, sosial mediadan istifadə edənlərin artdığını qeyd edib.

M. Forst ötən il QHT qanunvericiliyinə əlavə edilmiş dəyişikliklərdən də danışıb, QHT-lərin maliyyələşdirilməsi sahəsində problem olduğunu bildirib. M. Forst Azərbaycana səfərə hazırlaşarkən bir çox beynəlxalq təşkilatların hesabatları ilə tanış olduğunu söyləyib: "Azərbaycan Xarici İşlər Nazirliyində görüşdə təsisatlararası qurumun yaradılmasını təklif etdim ki, BMT və digər qurumların tövsiyələri əsasında iş aparılsın”.

M. Forst hökuməti vətəndaş cəmiyyəti ilə körpü yaratmağa, dialoq qurmağa çağırıb: "Mən Azərbaycan hökuməti ilə konstruktiv dialoqu davam etdirməyə hazıram. Hökumətə texniki yardımı göstərməyə və əməkdaşlıq etməyə hazır olduğumu çatdırmışam. Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa hazırıq. Hökumətə tövsiyələrimizi gönlərmişəm".

Daha sonra jurnalistlərin sualları cavablandırılıb. “Hesabat hazırlanarkən yalnız QHT-lərin, müxalifətin mövqeyi dinlənilib, yoxsa hökumət də dinlənilib” sualına cavab verən M. Forst deyib ki, bu, ilkin qiymətləndirilməlidir: “Qarşıdakı ayda hökumət tərəfindən əlavə məlumatlar veriləcək. Hesabatın 2017-ci ilin martında BMT İnsan Haqları Şurasında təqdimatı zamanı hökumət yenə öz məlumatlarını təqdim edə biləcək. QHT-lərin də müzakirələrdə iştirak etmək üçün Cenevrəyə gəlmək imkanı olacaq. Hesabatda sırf QHT-lərin fikirləri əks olunmur. Bura gələrkən müxtəlif tərəflərin fərqli hesabatı ilə tanış olmuşdum. Həm müxalifəti, həm hökuməti dəstəkləyən QHT-lərlə görüşdüm. Mən nazirliklər arasında bir təsisat yaradılmasını istəyirəm ki, BMT-dən və digər beynəlxalq qurumlardan gələn tövsiyələrin icrası təmin edilsin. Burada QHT-lər də təmsil olunsun”.

Məruzəsində qaçqın və məcburi köçkünlərin durumuna, Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinə toxunulub-toxunulmayacağına gəlincə, M. Forst qeyd edib ki, hökumət nümayəndələri ilə görüşdə də Dağlıq Qarabağla bağlı məsələ səslənib: “Ancaq mən öz mandatım çərçivəsində qaçqın və məcburi köçkünlərlə bağlı fikir söyləyə bilmərəm. Bununla bağlı xüsusi məruzəçi var. Bu məsələ mandatımdan kənarda olduğu üçün buna toxuna bilmərəm. Bu mənada Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər məsələsinin mənə aidiyyəti yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR