Füzulidə Qarabağ müharibəsi əlillərinə yeni fərdi yaşayış evləri verilib

Füzulidə Qarabağ müharibəsi əlillərinə yeni fərdi yaşayış evləri verilib
# 07 aprel 2016 14:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni fərdi yaşayış evlərinin inşa etdirilməsi işləri cəbhəyanı yaşayış məntəqələrini də əhatə edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin yaşayış evlərindən inşası başa çatmış daha 3 fərdi ev Füzuli rayonunun Horadiz şəhərində Qarabağ müharibəsi əlillərinə təqdim olunub. Evlərin istifadəyə verilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, rayon İH-nin başçısı Alı Alıyev, əlil ictimai birliklərinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə son günlərdə cəbhə xəttində erməni silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün keçirilən uğurlu hərbi əməliyyatlar zamanı şəhid olmuş qəhrəman hərbiçilərimizin və təxribat zamanı həlak olmuş mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

S.Müslümov bir neçə gün öncə təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törətmək cəhdinin qarşısının alınması zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüşkənlik və qəhrəmanlığın müasir tariximizin şanlı bir səhifəsinə çevrildiyini vurğulayıb: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından birinə çevrilib. Məkrli düşmənin mütəmadi olaraq ölkəmizə, xalqımıza qarşı törətdiyi hərbi təxribatların qarşısı layiqli şəkildə alınır. Azərbaycanın bütün sahələrdə uğurlarının və dünyada nüfuzunun, diplomatik nailiyyətlərinin daim artmasından təşviş və narahatlıq keçirən işğalçı Ermənistanın bu günlərdə Vətənimizə qarşı törətdiyi növbəti silahlı təxribat da uğursuzluqla nəticələnib. Bu təxribata cavab olaraq, peşəkar və qəhrəman ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi, xeyli miqdarda hərbi texnikasını və canlı qüvvəsini məhv etməsi, eyni zamanda əks-həmləyə keçərək bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad etməsi xalqımızın, dünyada yaşayan bütün azərbaycanlıların qəlbini fəxr və iftixar hissi ilə doldurub. Bu gün bizim hər birimizin qəlbi tarixi bir qələbə sevinci ilə döyünür və inanırıq ki, işğal olunmuş torpaqlarımızın azad olunacağı gün heç də uzaqda deyil”.

Nazir bildirib ki, Ermənistanın bütün sahələrdə olduğu kimi, hərbi sahədə də nə qədər aciz və biabırçı durumda olduğu bir daha öz təsdiqini tapıb. Cəbhəyanı yaşayış məntəqələrində yaşayan həmvətənlərimizin bu hadisələr zamanı yüksək təmkin, ordumuza inam və etimad, daimi dəstək nümayiş etdirmələri isə hər birimizdə qürur hissi doğurur.

S.Müslümov vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş insanlar, habelə şəhid ailələrinə yönələn dövlət qayğısı da mütəmadi olaraq artırılır: “Respublikamızın bütün bölgələrində, eləcə də cəbhəyanı yaşayış məntəqələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin inşası, hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri aparılır. Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında onlar üçün çoxmənzilli yaşayış binaları da tikilir. Ötən il 281 nəfər, bu ilin ötən dövründə isə artıq 100 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu gün Füzuli rayonunda 3 nəfərə fərdi yaşayış evi təqdim edirik və hazırda bu rayonda daha 4 ədəd fərdi yaşayış evində inşaat işləri tamamlanmaq üzrədir”.

İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 330 nəfərədək əlil və şəhid ailəsinin mənzillə təmin olunduğunu qeyd edən nazir diqqətə çatdırıb: “Təkcə son iki ildə 1 933 nəfərə “Naz-LİFAN” markalı minik avtomobili verilib. İndiyədək isə nazirlik tərəfindən 5 750 nəfər müharibə əlili və onlara bərabər tutulan vətəndaşa minik avtomobili təqdim olunub ki, onların da 60,1%-i və ya 3 456 nəfəri Qarabağ müharibəsi əlilləridir”.

S.Müslümov ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 12,6 mindən çox şəxsin, 13,2 minə yaxın şəhid ailəsinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, habelə sosial müavinət və ya əmək pensiyaları ilə təmin olunduqlarını da diqqətə çatdırıb: “Azərbaycan prezidentinin sosial sahəyə daim artan diqqət və qayğısı müharibə əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması üçün icra olunan bütün sosial proqramların, onlara yönələn sosial ödənişlərdə artım dinamikasının qarşıdakı dövrdə də uğurla davam etməsinə əsaslı təminat yaradıb”.

Daha sonra S.Müslümov yeni fərdi evlərlə təmin olunan Qarabağ müharibəsi əlillərini bu münasibətlə təbrik edərək onlara xoş arzularını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR