Əli Həsənov: “Azərbaycan prezidenti cəsarət göstərdi”

Əli Həsənov: “Azərbaycan prezidenti cəsarət göstərdi”
# 17 mart 2016 14:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan xalqını, o cümlədən erməni təcavüzü nəticəsində bu gün doğma ocaqlarından didərgin salınaraq o yerlərin həsrəti ilə yaşayan 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün soydaşlarımızı təbrik edib.

Ə. Həsənov deyib ki, dostluq, qardaşlıq, sülh və əmin-amanlıq, barışıq bayramı olan və bütün Türk dünyasında qeyd edilən Novruz bayramı ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin Ankarada törədilən terror aktından dərhal sonra Türkiyəyə əvvəlcədən planlaşdırılmamış səfəri qardaşlığın, dostluğun, xalqlarımızın birliyinin bariz nümunəsidir. İstər qardaş Türkiyədə, istərsə də Azərbaycanda bu addım böyük qürur doğurub və Türkiyə ilə Azərbaycan münasibətlərində yeni bir səhifə açan bu səfər bir daha sübut edib ki, iki qardaş ölkə həmişə çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da olacaq: “Əslində, regionda vəziyyətin gərgin olduğu, xarici siyasətdə ehtiyatlı və balanslı kursa üstünlük verməyin daha rahat və əlverişli sayıldığı indiki dövrdə hər hansı müttəfiqliyi və birliyi xoş qarşılamayan böyük güclərin potensial təzyiqlərindən çəkinmədən belə qətiyyətli mövqe ortaya qoymaq bir dövlət başçısı üçün böyük cəsarət nümunəsi sayılmalıdır. Azərbaycan prezidenti də bu cəsarəti göstərdi. Azərbaycan prezidentinin qardaş Türkiyəyə bu tarixi səfəri də cəsarətli və qətiyyətli addım kimi diplomatiya tarixinə düşəcək”.

Ə.Həsənov Novruz bayramının əhəmiyyətindən, atributlarından, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşatmaq baxımından oynadığı roldan ətraflı söhbət açıb. Baş nazirin müavini qeyd edib ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Novruz təbriklərini çatdırıb. Tədbirdəki çıxışlarda əminliklə bildirilib ki, işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacaq, bütün məcburi köçkünlər Novruz bayramlarını öz doğma yurdlarında qeyd edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR