Azərbaycanın hərbi idmançıları Makedoniyada beynəlxalq yarışlara qatılacaq

Azərbaycanın hərbi idmançıları Makedoniyada beynəlxalq yarışlara qatılacaq
# 15 sentyabr 2016 17:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sentyabrın 19-dan 25-dək Makedoniyada Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında Güləş üzrə hərbçilərin 31-ci Dünya Çempionatı keçiriləcək.

APA-nın məlumatına görə, yarışlar Yunan-Roma və sərbəst güləş növləri üzrə olacaq. Hərbçilərin Dünya çempionatına Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə 21 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də qatılacaq.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) fəal üzvüdür. Mərkəzi Ordu İdman Klubunda 15 idman növü üzrə bölmələr fəaliyyət göstərir və bu bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli yığma komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir.

Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçirilən beş Ümümdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən dünya çempionatlarında Azərbaycan hərbi idmançıları uğurla çıxış edərək 300-dən cox medal qazanıb.

İdman yarışlarında fəal iştirak edən Azərbaycan Respublikası Beynəlxalq Hərbi İdman Şurasına üzv olan 130 dövlət arasında 11-ci, MDB dövlətləri arasında isə 2-ci yerə layiq görülüb. Azərbaycan nümayəndə heyətinin mütəmadi, uğurlu çıxışlarını nəzərə alaraq, Beynəlxalq Hərbi İdman Şurasının qərarı ilə 2004-cü ildə Cüdo, 2006-cı ildə Sərbəst və Yunan-boma güləşi, 2008-ci ildə Boks üzrə hərbçilərin dünya çempionatı, 2010-cu ilin noyabr ayında Cüdo üzrə Dünya çempionatları və 2013-cü ildə hərbçilər arasında ilk Dünya Futbol kuboku Bakı şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR