Azərbaycan prezidenti: "ABŞ səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə qalxmasına töhfə verib"

Azərbaycan prezidenti: "ABŞ səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə qalxmasına töhfə verib"
# 02 aprel 2016 13:06 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev aprelin 1-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan prezidenti ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə edib, bu səfərin uğurla keçdiyini deyib. O, səfərin və səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin artıq yeni mərhələyə qalxması işinə töhfə verdiyini bildirib.

ABŞ dövlət katibinin müavini Tomas Şennon Azərbaycan dövlət başçısının Vaşinqtondakı uğurlu görüşlərinin maraqla izlənildiyini diqqətə çatdırıb. O, ABŞ-ın Azərbaycanla münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib və əlaqələrin müxtəlif sahələrdə bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu söyləyib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR