“Old Trafford”da AİBA komissiyalarının toplantısı keçirilir

“Old Trafford”da AİBA komissiyalarının toplantısı keçirilir
# 25 fevral 2016 08:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İngiltərənin Mançester şəhərində məşhur “Old Trafford” stadionunda AİBA komissiyalarının toplantısı keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Beynəlxalq federasiyanın 8 komissiyasını (AİBA Pro Boxing, idmançılar və gənclər, məşqçilər, tibb, hakimlər, qadın boksu, WSB, texniki kommisiya) təmsil edən 100-dən çox üzvü bir sıra məsələləri müzakirə edir.

AİBA prezidenti Çinq Ko Vu 2016-cı ilin boks ailəsi üçün əlamətdar olduğunu bildirib: “Bu il AİBA-nın yaranmasının 70 illiyi tamam olur. Biz yubiley ilində boksun bütün sahələrində ciddi uğurlar qazanmalıyıq”.

Toplantıda WSB liqası, AİBA Pro Boxing turnirləri ilə bağlı bir sıra vacib məsələlərin müzakirə olunması gözlənilir. AİBA Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Rio-2016-da boksçuların baş geyimi ilə iştirak edib-etməyəcəyi ilə bağlı cavab gözləyir. Bundan başqa, boksçuların böyüklər arasında yarışlarda indiki kimi 19 deyil, 18 yaşdan iştirak etməsi də müzakirə olunur.

Qeyd olunub ki, Mançesterdə ölkəmizi “Baku Fires” klubunun baş direktoru, AİBA WSB komissiyasının üzvü Rizvan Gənciyev təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR